Bakıda rayonların icra başçıları kimlərdir? - SİYAHI
23-05-2015, 16:04
Bakının Binəqədi rayonunda baş verən və böyük faciəyə səbəb olan hadisə göstərdi ki, Azərbaycanda fövqəladə hallar qeydə alınan zaman məmurlar, icra başçıları məsuliyyəti üzərilərindən atır, digər məsul şəxs və ya qurumu hədəf seçirlər. Bu, Binəqədidəki yanğından sonra bir daha sübut olundu. Faciənin baş verməsinə birbaşa məsuliyyət daşıyan rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov kimi...
Bu nümunə göstərdi ki, icra başçıları məsuliyyətlərini dərindən dərk etmir, vəzifə səlahiyyətlərini əməlli-başlı icra etmirlər. Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq, icra başçıları ilə bağlı məlumatları sizə təqdim edir. Bakı və onun rayonlarına rəhbərlik edənlər kimlərdir?
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov - 1944-cü il mayın 13-də anadan olub.
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırkı Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Evqeniy Fyedoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və digər dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiridir.
1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan prezidentinin fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.
1999-cu ilin iyul ayında Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında Azərbaycan prezidenti sərəncam imzalayıb.
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər baş nazirin müavini çalışıb.
2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür, ailəlidir, iki oğlu var.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov - 1965-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.
1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 3-cü dərəcə dövlət müşaviridir.
1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədridir.
Evlidir, 3 övladı var.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev - 1946-cı il aprelin 1-də Ağdaş rayonunda doğulub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.
2000-ci il iyunun 28-dən 2006-cı il sentyabrın 26-dək Xətai rayon İcra Hakimiyyətinin başçısı, həmin il sentyabrın 26-dan indiyədək Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. 1974-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub.
1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov - 1948-ci il dekabrın 19-da Bakı şəhərində dünyaya gəlib. Ali təhsillidir, Poltava Kooperasiya İnstitutunun əmtəəşünaslıq ixtisasını bitirib, ailəlidir. 1995-ci il yanvarın 25-dən indiyədək Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin başçısıdır.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev - 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1974-84-cü illərdə orta ümumtəhsil məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb.
1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-bioloqiya fakültəsinə daxil olub, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş sovet ordusunda hərbi xidmət keçib, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər “Naxçıvan” qəzetinin müxbir vəzifəsində çalışıb.
1993-cü ilin fevral ayından noyabr ayına qədər “Əlincə” Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.
1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Gənclər və İdman Nazirliyinin ərazi idarəetmə orqanları ilə iş və kadr hazırlığı idarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısıdır.
1993-cu ildən Yeni Azərbaycan Partiyasının və Siyasi Şurasının üzvüdür. Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Evlidir, 2 qızı var.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov - 1966-cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2001-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib. 1989-cu ildən əmək fəaliyyətinə başlayıb, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləyib. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə respublika yığma komandasının rəisi olub, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.
1996-cı ildən Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, baş idarə rəisi, 2000-2006-cı illərdə gənclər, idman və turizm nazirinin müavini vəzifələrində çalışıb.
2006-cı il fevralın 15-də Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2009-cı il iyunun 25-dən Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Fəlsəfə doktoru, dosent, idman ustası, respublikanın əməkdar məşqçisi, respublika dərəcəli hakimdir.
Ailəlidir. 2 övladı var.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev - 1961-ci il fevralın 11-də Balakən rayonunda doğulub. 1982-1987-ci illərdə Kuybışev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryol nəqliyyatında daşınma prosesinin idarə olunması ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib. Ailəlidir. 2 oğlu, 1 qızı var.
2006-cı il mart ayının 3-dən indiyədək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov - 1962-ci il noyabr ayının 5-də Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirib. 1985-1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlayıb, 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini vəzifəsində, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1987-1991-ci illərdə Abşeron rayonu təsərrüfat hesablı univermaqda əmtəəşünas, 1991-1992-ci illərdə Xızı rayonu istehlak cəmiyyətinin ticarət şöbəsinin müdiri, 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifələrində çalışıb.
2001-2003-cü illərdə Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı ərazi vergi idarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.
2012-ci il aprelin 26-da Binəqədi rayon İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, iki övladı var.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev - 1960-cı il aprelin 20-də Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb.
1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.
1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.
1992-1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində şöbə müdiri olub.
1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifəsində işləyib.
2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb.
2012-ci ilin aprel ayında Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov - 1966-cı il iyunun 21-də Ermənistan SSR Sisyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti İdarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılan “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılan “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
2006-cı il sentyabrın 26-da Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov - 2005-ci il dekabrın 21- Suraxanı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl Nərimanov rayon İcra Hakimiyyətinin başçısı olub. İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu isə 1993-cü ildə politoloq ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov -1962-ci il aprelin 27-də anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1979-cu ildə Naxçıvan şəhər Uşaq İdman Məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə “Səma” kiçik müəssisəsinin direktoru işləyib.
1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarənin rəisi vəzifələrində çalışıb.
1999-2001-ci illərdə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib. 2005-ci ilin dekabr ayınadək Yardımlı rayon İcra Hakimiyyətinin, 2005-ci il dekabrın 21-də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 2010-cu il martın 4-dən Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir. Ailəlidir, iki övladı var.
Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov -1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1983-cü ildən əmək fəaliyyətinə başlayıb. 1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışıb. YAP Pirallahı rayon təşkilatı idarə heyətinin üzvüdür. 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2013-cü il martın 7-də Pirallahı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.