Lavrovsayağı təhlükəli və qəribə məntiq – Bəs biz necə olaq?
Dünən, 10:27

“BMT Nizamnaməsində dövlətlərin ərazi bütövlüyü hüququ müəyyən edilsə də, bu prinsip Ukraynaya aid edilə bilməz, çünki Kiyevdəki rəhbərlik ölkənin bütün əhalisinin maraqlarını təmsil etmir”. Rusiya xarici işlər naziri Sergey Lavrov bunu “Kommersant” qəzetinə verdiyi müsahibədə bəyan edib.
“Əgər oradakı hökumət nə Krımı, nə Donbası, nə də Novorossiyanı təmsil etmirsə, Ukraynanın ərazi bütövlüyünü niyə görə təmin etmək lazımdır? Üstəlik, bu hökumət Kiyev faşist rejiminin nəzarətində olan bir sıra digər əraziləri də təmsil etmir”, – deyə Lavrov iddia edib.
Nazirin sözlərinə görə, o, bu mövqeyi mütəmadi olaraq BMT-nin Baş katibi Antonio Quterreşə çatdırır – xüsusilə də, Quterreş BMT Nizamnaməsinə istinad edərək Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını tələb edəndə.
“BMT Baş Assambleyasının 1970-ci ildə qəbul etdiyi dövlətlər arasında münasibətlərin prinsipləri haqqında Deklarasiyada belə deyilir: hökumətləri öz ərazisində yaşayan bütün əhalini təmsil edən və öz müqəddəratını təyinetmə prinsipini pozmayan bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Bəs Zelenski və onun ətrafı cənub-şərqi Ukraynanın əhalisini təmsil edirlərmi? Heç vaxt, heç bir halda!” –Lavrov bildirib.
O əlavə etdi ki, Rusiyanın bu mövqeyi Vladimir Putini Ukraynaya müdaxiləyə görə tənqid edən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə də çatdırılıb. 2022-ci ilin yayında Tokayev xəbərdarlıq etmişdi ki, əgər dövlətlərin sərhədləri və suverenliyi nəzərə alınmadan, yalnız millətlərin öz müqəddəratını təyinetmə hüququna istinad edilsə, dünyada “xaos” yaranacaq.
“Tokayev üçün yalnız ərazi bütövlüyü hüququ mövcuddur”, – deyə Lavrov bəyan edib. – “Amma bir daha deyirəm: Əgər siz BMT-nin üzvüsünüzsə, Nizamnaməyə tam şəkildə hörmət etməlisiniz. Yəni ərazi bütövlüyünə yalnız o dövlətlərdə hörmətlə edilir ki, onların hökumətləri həmin ərazidə yaşayan bütün xalqı təmsil etsin”.
Nazirin iddiasına görə, əgər Moskva Ukraynanın ərazi bütövlüyü prinsipinə hörmət etməyə başlasa, bu, “nasist rejimindən qaçan rusları və rusdilli insanları yırtıcıların caynağına qaytarmaq” mənasına gələcək.
Qeyd edək ki, dövlətlərin ərazi bütövlüyü hüququ BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilib. Bu Nizamnamə 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Konfransında iştirak edən 50 ölkənin nümayəndələri tərəfindən imzalanıb.
“Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı zor tətbiqi və ya təhdiddən, həmçinin Birləşmiş Millətlərin məqsədləri ilə uyğun gəlməyən başqa hərəkətlərdən çəkinməlidirlər”, – deyə bu sənəddə qeyd olunur.
Amma Lavrovun sözləri demək olar, dünyanın istənilən ölkəsinə qarşı istifadə edilə bilər. Məsələn, Azərbaycan Respublikasını götürək. Azərbaycan çoxmillətli dövlətdir və əgər sabah Kreml hansısa səbəbdən Bakının siyasətindən narazı qalarsa, Rusiya artıq Azərbaycan torpaqları ilə “birləşmək” vaxtının çatdığını düşünə bilər. Bu zaman Moskvanın Bakıdakı rəhbərliyin öz torpağında yaşayan xalqın maraqlarını təmsil etmədiyini iddia etməsinə və müharibəyə başlamasına nə mane ola bilər? Axı, Lavrovun fikirlərinin məntiqi nəticəsi məhz belədir. Və belə bir təhlükə post-sovet dövlətlərindən hamısına toxuna bilər.
Rusiya XİN başçısının bəyanatını Pressklub.az-a şərh edən Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgeni Maqda bildirib ki, artıq uzun müddətdir informasiya sahəsində Moskvanın yalanı, həddən artıq azğın təbliğatı və Kreml nümayəndələrinin bəyanatları dolaşır.
“Bunlar müxtəlif yalan kateqoriyalarıdır. Yəni, Kreml nümayəndələrinin bəyanatları sadalanan kateqoriyaların içərisində ən qeyri-adekvat olanıdır. Buna görə də, Lavrovun sözlərində məntiq axtarmaq mənasızdır. O, görünür, özünü Tramp kimi hiss edib və buna görə də fikirlərini sərt dildə ifadə etməyə çalışır. Əslində isə sadəcə olaraq Kremlin siyasətini təkrarlayır – yəni, yalnız Moskvanın fikri vacibdir, güclünün hüququ var və başqa heç nə yoxdur.
Fikrimcə, qanuna hörmət etməyən belə bir nüvə dövləti beynəlxalq hüququ öz maraqları naminə şərh etməyə başlayırsa, onun bütün qonşuları, xüsusən də onunla hər hansı ərazi mübahisəsi məsələsi ola bilən dövlətlər özlərini tamamilə təhlükəsiz hiss edə bilməzlər. Bu, tamamilə aydındır”, – institutun direktoru vurğulayıb.
O, düşünür ki, Lavrovun bəyanatları və hərəkətləri tamamilə şüurlu mövqedir. “Bu, Moskvanın hər şeyə hökmünün çatdığını göstərmək niyyətidir. Və görürük ki, Trampın davranışı da bu faktı dərk etməyə kömək edir. Təəssüf ki, bu, hazırkı xarici siyasət reallığıdır. Amma bu o demək deyil ki, biz bunu qəbul etməliyik. Bu, o deməkdir ki, təəssüf ki, bunu nəzərə almalı və buna uyğun hərəkət etməliyik. Amma bu, hər zaman belə olmayacaq. Bu, müasir siyasətin ən əsas formuludur”, – Maqda yekunlaşdırıb.