"Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?”

Bu gün, 08:10           
"Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?”
Perinatal Mərkəzdə doğuş zamanı ölən 33 yaşlı Şəbnəm Kərimovanın həyat yoldaşı İsmayıl Kazımov:
“Biz lap əvvəldən təklif etdik ki, qeysəriyyə əməliyyatı ilə uşağı götürün. Amma həkimlər razılaşmadılar. Bildirdilər ki, təbii doğuş olacaq. Bunun üçün də yoldaşıma nəsə dərman veriblər. Axırı da belə. Yoldaşımı apardım xəstəxanaya. Günorta saat 12-də əlimlə ötürdüm içəri. İki saat sonra gəldilər ki, övladınız sağ-salamat doğulub, təbrik elədilər, gözaydınlığı verdilər, muştuluq alıb getdilər. Mən də sevinc içində oturub gözlədim.
Bu arada gəlib dedilər ki, gedin, uşağı, ananı sonra görərsiniz. Razılaşmadıq, oturub gözlədik. Dedik, icazə verin, görək sonra gedək. Başladı vaxt uzanmağa, beş dəqiqə sonra, 10 dəqiqədə gözləyin, indi içəri keçəcəksiniz və sair. Bir də gördük qan gətizdirirlər. Mən də elə bildim başqasına lazımdır. Sən demə mənim yoldaşıma görə gətirirlərmiş qanı. Qanaxmanı kəsə bilməyiblər, yoldaşım da dünyasını dəyişib. Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər”.
İ.Kazımov həyat yoldaşının ölümündə Perinatal Mərkəzin həkimləri Gültac Vidadi və ginekologiya şöbəsinin baş “mamaça”nı və xəstəxananın baş tibb bacısını əvəz edən Sevinc Hüseynovanı ittiham edir: “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir. Həkimlərdən şikayətçiyəm. Yazılı olaraq hələ heç bir yerə müraciət etməmişəm. Dünən hüquq-mühafizə orqanlarının nümayəndələri orada olub. Orada iki həkimi olub - Sevinc və Gültac, ikisindən də şikayətim var. Bu gün yoldaşımı aparıb dəfn edib gəlmişəm. Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?”
//teleqraf












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.