Türk Ordusu modelinin ayaq səsləri eşidilir - ŞƏRH

Dünən, 16:28           
Türk Ordusu modelinin ayaq səsləri eşidilir - ŞƏRH
Qazaxıstanla birgə təlimlər təkcə hərbi əməkdaşlıq deyil, həm də strateji həmrəyliyin və siyasi mesajın ifadəsidir

Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, manevr Azərbaycanda keçirilir.
Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib. Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.
Təlim iyulun 10-dək davam edəcək.

“Tərlan-2025” birgə taktiki-uçuş təlimin dəyərləndirən siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında qardaş Qazaxıstan və digər türk dövlətləri ilə ortaq hərbi təlimlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın Qazaxıstan və digər türk dövlətləri ilə birgə hərbi təlimlər keçirməsi təkcə hərbi əməkdaşlıq deyil, həm də strateji həmrəyliyin və siyasi mesajın ifadəsidir:

“Bu cür təlimlər, ilk növbədə, qarşılıqlı etimadı möhkəmləndirir, tərəfdaş ölkələrin ordularının qarşılıqlı fəaliyyət qabiliyyətini artırır və ortaq müdafiə konsepsiyalarının formalaşmasına zəmin yaradır. Hərbi təlimlər eyni zamanda türk dövlətlərinin ortaq təhlükəsizlik arxitekturasının yaranmasında bir mərhələdir. Azərbaycan 44 günlük Vətən müharibəsində müasir texnologiyalar, yüksək dəqiqlikli zərbə sistemləri (xüsusilə PUA-lar), real vaxt kəşfiyyat imkanları və ağıllı taktiki yanaşmalar sayəsində hərbi tarixə düşəcək bir qələbə qazandı. Bu qələbə sadəcə hərbi üstünlük deyil, həm də beynəlxalq hüquqa və humanist davranış normalarına sadiqlik nümunəsi idi. Bu baxımdan Azərbaycanın döyüş təcrübəsinin digər türk dövlətləri ilə paylaşılması mühüm strateji investisiyadır.

Türk dövlətləri müstəqil siyasət yürütmək istəsələr də, bəzi qonşu güclər regionda nüfuzlarını qorumaq üçün müxtəlif vasitələrlə təzyiq göstərirlər. Mərkəzi Asiya dövlətləri bu səbəbdən geosiyasi balans siyasəti aparmaq məcburiyyətində qalıblar. Lakin Azərbaycan və Türkiyə ilə sıx hərbi-siyasi əməkdaşlıq bu ölkələrə öz təhlükəsizliklərini kollektiv şəkildə təmin etməyə, təzyiqlərə qarşı müqavimət göstərməyə imkan verir. Ortaq hərbi təlimlər bu baxımdan həm də siyasi çəkindirici funksiyanı yerinə yetirir”.
A. Həsrətin sözlərinə görə, Qazaxıstan və Qırğızıstanın Rusiya rəhbərliyindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması onların strateji azadlığını müəyyən qədər məhdudlaşdırır: “Ermənistan artıq təşkilatdan uzaqlaşmaq üzrədir. Tacikistanın da faktiki fəaliyyətsiz qalması bu təşkilatın gələcəyinin sual altında olduğunu göstərir. Belə bir şəraitdə Qazaxıstan və Qırğızıstanın bu qurumu tərk etməsi təkcə simvolik addım deyil, həm də real təhlükəsizlik maraqlarına cavab verən strateji qərar ola bilər. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq son illərdə nəzərəçarpacaq dərəcədə dərinləşsə də, bu əməkdaşlıq daha çox iqtisadi və mədəni sahələrdə aktiv olub. Halbuki qlobal və regional təhdidlərin artdığı bir dövrdə hərbi inteqrasiya, ortaq müdafiə doktrinası və təhlükəsizlik sistemi formalaşdırılması artıq qaçılmazdır. Türkiyə və Azərbaycanın təcrübəsi əsasında ortaq hərbi qərargah və koordinasiya mexanizmi qurulmalıdır. "Bayraktar", "Harop" və digər sistemlərin texnologiya transferi və birgə istehsalı gündəmə gətirilməlidir. Türk ölkələri arasında qarşılıqlı zabit hazırlığı və təlim proqramları genişləndirilməlidir. Rəqəmsal müharibə dövründə ortaq kəşfiyyat bazası və kibertəhlükəsizlik sistemləri yaradılmalıdır”.

Rusiya daxilindəki etnik və siyasi parçalanmaların artıq hipotetik deyil, real təhlükə olduğunu vurğulayan A.Həsrət əlavə edib ki, Ukrayna müharibəsinin nəticələri, daxili separatizm tendensiyaları və iqtisadi tənəzzül Moskvanın imperiya resurslarını sürətlə tükəndirir:

“Qardaş Qırğızıstan və Qazaxıstan KTMT-dən çıxmalıdır ki, Rusiya meydanda tək qalsın. Onsuz da Rusiya artıq çökmək ərəfəsindədir. Onun yerində 41 müstəqil dövlət qurulacaq. Rusiya dağıldıqdan sonra yaranacaq yeni türk dövlətləri həm siyasi, həm də ideoloji baxımdan Türk dünyasının bir hissəsi olmaq istəyəcəklər. Ona görə də türk dövlətlərinin inteqrasiyası qısa zamanda reallaşdırılmalıdır. Baş verən proseslər indidən qurulacaq inteqrasiya və təhlükəsizlik mexanizmlərinin nə qədər vacib olduğunu göstərir. Türk Ordusu modelinin qurulması qarşıdakı illərdə türk dövlətlərinin müstəqilliyini və təhlükəsizliyini təmin edəcək əsas amillərdən biri olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.