O, hamıdan az mənim atam idi... (Sərdar Həmidovun xatirəsinə)

2-03-2017, 13:36           

O, mənim ustadım idi. Ən az mənim atam olan, hamıdan çox öyrəndiyim ilk qəhrəmanım. İndi onun xatirəsinə yazı yazmaq qədər acı heç nə yoxdur. Axı mən onun yoxluğuna heç indi də inanmıram. Amma onun necə biri olduğunu anlatmağın şərəfini yaşayıram. Bu şərəfi belə, ilk olaraq o mənə öz ömür yolu ilə bəxş edib. Ona həmişə minnətdar olmuşam. Çünki heç kimi qapısından geri qaytarmayıb, ömrünü elə yaşayıb ki, onu başqalarının, tanımadığım adamlarından dilindən öyrənmişəm. Minnətdaram ki, heç kimin üzünə dirənməyib, heç kimi şərləyib həbs etdirməyib. Ona minnətdaram ki, varlığı mənə məktəb oldu, mən isə o həyatın daimi öyrəncisi.

Şərəfli həyat yaşamaq ayrıcalıqdır. Hətta həyatdan köçəndə belə mənə son dərsini verdi; kişi kimi yaşamaq, ləyaqətli ömür sürmək nə deməkdir...

Hamının atası onun üçün müqəddəsdir. Amma hamının atasının həyatını başqa ağızlarda əfsanələr kimi danışmırlar. Bilirsiniz “başqalarının ağzından atasını eşitməyi” niyə təkrarlayıram? Çünki mən öz ömrümü hesablayanda şüurlu həyatımın heç beş ilini onunla bir yerdə keçirməmişik. Baxmayaraq ki, mənim 30 yaşım var! 30 və 5. Müqayisə etmək ağırdır.

Həqiqət hekayəmi belə anladım


4-5 yaşım çox az yadıma gəlir. O zamanlar müharibə illəri idi və mən atamı çox az görürdüm. Başqa atalar kimi öz övladı üçün zamanı çox olmurdu. O, həmişə ön cəbhədə idi. O, həmişə işdə, kiminsə xeyrində, kiminsə şərində idi. Mən böyüyürdüm, amma atam mənim böyüməyimi görə bilmirdi. Bir gəlirdi, bir gedirdi. Mən isə ondan öyrənirdim...

Ayaqqabılarını ayaqlarıma geyinib onun kimi yerimək istəyirdim. Hərbi geyimini geyinib ona bənzəməyə çalışırdım. “Buşlat”ını geyinəndə dizlərimə qədər gəldiyi vaxtlarda tez böyümək istəyirdim. O, az olan görüşlərimizdə isə mənə mütləq bir cümlə deyərdi. İndi həmin cümlələr mənim həyatımın gerçəyidi! O cümlələrlə yaşayıram, həyat tərzimə çevirmişəm. Başqa cür ola bilmirəm.
O, hamıdan az mənim atam idi... (Sərdar Həmidovun xatirəsinə)
Bir cümləsi bu idi: "Bura (Tərtərdəki ev) sənin babanın evidir. Düşmən gəlsə evimizi sən qoruyacaqsan!" Mənə silahdan istifadə etməyi, güllə atmağı o öyrədirdi. Elə vaxtlar olurdu ki, məni işinə aparırdı və Tərtər Rayon İcra Hakimiyyətinin həyətində olan kölgəlikdə saatlarımı keçirirdim. O isə işləyirdi. Zabitlər, generallar görürdüm. Hərbi rabitə vasitəsi ilə danışıqlarını dinləyirdim. Heç nə anlamırdım, amma telefonu necə götürdüyünün təsviri ağlımda qalırdı.


Bir dəfə hərbi geyim istədim. O zamanlar mənim cəmi 6 yaşım var idi. Onun paltarlarını dərzidə qısaldıb mənə verdilər. Düz üç il onu geyindim. Heç çıxartmırdım da. Vətəni sevməyi dil pəhləvanlarından, siyasətçilərdən öyrənməmişəm mən. Bu vətən üçün döyüşən, onu göz bəbəyi kimi qoruyan, nə tutduğu vəzifə, nə ailəsinin təhlükəsizliyi haqda düşünməyən qəhrəmandan öyrənmişəm. Haqqı verilməyən deyəcəm, amma deyə bilmirəm. Çünki onun haqqını xalq verib.

1994-cü ildə müharibə bitdi. Atam işdən azad olundu. Biz isə Bakıya köçdük. Yeni məktəbə başladım...

İndi isə səhhətində başladığı problemlərə görə tez-tez xaricə gedən bir atanın övladı oldum. Arada gələndə onun yanına qaçırdım. Səhərlər oyananda məni çağırıb zarafatlaşardı. Amma həmişə "dədə" deyərdi. Elə bu "dədə" sözünün mahiyyətinidə onda öyrəndim. O, öz anasını 10, atasını 17 yaşında itirmişdi. Məcid babamdan bir ideal kimi bəhs edərdi. "Atam başqa idi", deyərdi. "Elə mənim atam olduğu kimi" sözünü isə mən illər sonra deyəcəkdim.

Bir dəfə çöldə oynayanda başmağımı itirmişdim. Məni heç vaxt danlamadığı qədər danladı. Elə bildim döyəcək, amma dəymədi. Yenə öyrətdi: "Kişi ona məxsus olan heç nəyi itirməz". Bu sözü elə öyrəndim ki, o vaxtdan sonra heç nə itirməmişəm. Əzbərləmişəm, idrak etmişəm!

Heç bir istəyim istək kimi qalmadı onun sayəsində. Arada yeməyə də gedirdik. Ondan qonaqlığı, ondan danışmağı öyrəndim. Ondan hansı yeməyi necə yeməyi öyrənirdim. Şux geyimini, dik duruşunu öyrənirdim.

Üç il sonra o həbs ediləcəkdi...

Atam həbs ediləndə mənim 10 yaşım var idi. Hamımız gözləyirdik ki, 1-2 gün sonra gələcək. Amma gəlmədi. Bir gün məhəllədə oyanayanda yanında adamlarla gəldiyini gördüm. Üstünə yüyürdüm. Əyilib üzümdən öpdü, amma biraz soyuq. Təəccübləndim bir az. Elə onda sol qolundakı qandalı gördüm; yanındakı şəxsin qoluna bağlı idi. Tutuldum... Zaman dayandı... Sentyabr ayı olsa da, hava soyuq idi. Bu soyuğu bütün qəlbimdə, bütün varlığımda hiss etmişdim. Atamın qolunda qandal var idi.

Hava qaraldı. Üşüyürdüm, evə getmək istədim. Qapını açan adamın biri məni evimizə qoymadı. Blokda bir az gözlədim, sonra evə buraxdılar. Atam stolda oturmuşdu və cibindən çıxardığı balaca Quranın üzərinə and içirdi ki, “əgər bu sursat mənim evimdən çıxıbsa, Allah mənə lənət eləsin. Yox, əgər siz qoymusunuzsa, Allah sizə lənət eləsin!” Ədalətsizliklə ilk tanışlığım belə oldu...

Sonra getdilər... Qohumlar gəlib-gedirdi. Donmuşdum, heç nə bilmirdim. Sonra yalançı yandan tutulan vəkillər peyda oldu. Bəziləri mülklərimizi satmaq istədi.
O, hamıdan az mənim atam idi... (Sərdar Həmidovun xatirəsinə)
4 ay atamı görmədim. Bir gün dedilər ki, atanla görüşəcəksən. Hazırlandım, geyinib-keçindim və yollandım Bayıl təcridxanasına. Onu görəndə çox kövrəlmişdim. Özümdən asılı olmadan ağladım. Yenə dərsini keçdi: “Dədə, kişi ağlamaz”. “Ağlamaz ata! Ağlamaz!”, dedim. Hər şeyi şikayət edirmişəm kimi danışdım. Hər şeylə maraqlanırdı.


Məhkəmə proseslərinə məktəbdən qaçıb gedirdim. Həmin vaxt 5-ci sinifdə oxuyurdum. Evimiz də çox uzaqda deyildi. Acanda yolda dönər yeyə-yeyə qaçdığım günlər idi. Görüşdürəndə qucalayıb deyirdi ki, “Tərləmisən? Belə olmaz!”

Sonra prokurorun atama 11 il iş istədiyi, hakimin isə 10 il verdiyi yadıma gəlir. İndiki kimi bioqrafiyasız adamların məhkəmələrdə qəhrəmanlaşdığı dövrlər deyildi o dövrlər. Bir hüquq müdafiəçisi yox idi. Gəlmirdilər...

Bir siyasətçi cəbhədə güllənin altında ailəsi ilə yaşayıb, rayonun müdafiəsini təşkil edən adamın taleyi ilə maraqlanmırdı. Yadlarından çıxmışdı... Axı bilirdilər ki, Kəlbəcər yolunu kimlər açıb. Ağdərənin ilk iki kəndinin hücumunu kim təşkil edib. Kim savaşıb və bir əsir belə verməyib. Kim düşməndə bir şəhidin cəsədini qoymayıb. Kim naməlum şəhidlərə mərmərdən məzar qoydururdu. Hətta həbsdən çıxanda belə, Tərtərə gedəndə ilk işi qəbirstanlığa gedib həmin naməlum şəhidləri ziyarət etmək oldu. Mərmərlərini söküb, satmışdılar şərəfsizlər! İndi “Yeni Müsavat” qəzetində olan Elşad Məmmədli ilə birlikdə bir mətbuat konfransı edib o məzarların mərmərlərinin oğurlanmasının harayını çəkdi o əsgərlərin komandiri. Səsini eşitmədilər.

Tam 7 il həbs həyatı sürdü. Mən də həbsxananın qarşısında böyüdüm. Dərslərimə Bakı-Güzdək yolunda hazırlaşdım. Yaxşı oxudum! Atamın adını həmişə uca tutmağa çalışdım. Sərdarın oğlu olmaq, Sərdarın oğlu olmaq idi! Arada icazəli görüşlərdə həbsxanada qalırdım. Orada da öyrənirdim. Amma başqa dünya idi bu. Orada da öyrədirdi.

2002-ci ildə xəstələndi. “Yeni Müsavat” qəzetinə gizli müsahibə vermişdi. Ona görə karserə saldılar, o ağır çəkili adam arıqlamağa başladı. Biləkləri nazikləşdi. Amma yenə də döyüşürdü. Dərmanlar, iynələr... 3 il döyüşdü. 90 kiloqramlıq adam 48 kiloqrama düşdü.

Mən artıq atamı itirəcəyimi anladım. Bir hüquq müdafiəçisi, bir jurnalist, bir qəzet, bir siyasətçi maraqlanmadı onunla. Hamı onu unutmaq istəyirdi!


Qalib komandanların taleyi budur. Hamı uğurlarını qısqanır. O həyatı mənim atam da yaşadı. Bir görüşündə dayana bilmədim, “bəsdir” dedim! İcazə istədim ki, onun vəziyyətini gündəmə gətirim. Razılaşdı... Mənim üçün razılaşdı!


İlk öncə ANS-ə gedib Mirşahinlə görüşdüm. Ona məsələnin ağırlığını bacardığım hər üsulda anlatdım. Mənə efir vaxtı verdi, evimizdən reportaj hazırladılar... Danışdım, prezidentə müraciət etdim... Səhəri gün bütün qəzetləri aldım. Mətbuat susurdu. Bircə “Azadlıq” qəzeti balaca bir xəbər vermişdi: “Sərdar Həmidovun vəziyyəti ağırlaşıb”. Sonra şəkillərini götürüb “Yeni Müsavat” qəzetinə, “Azadlıq”a, “Xural”a getdim...

O zamanlar Rauf Arifoğlu həbsdə idi. "Yeni Musavat"da Qabil Abbasoğlu ilə, “Azadlıq”da Rahim Hacıyevlə, “Xural”da isə Əvəz Zeynallı ilə. Xəbərlər yayıldı. “Xural” daha irəli gedərək gündəmdə saxladı.

Müsahibələrimi yayımladı. Hətta Əvəz Zeynallı ilə birlikdə həbsxanaya getdik. O qədər təsirlənmişdi ki, çıxanda “44 kiloluq dərd” yazısı yayımladı. Sərdar Əlibəylinin “Şəhriyarın harayı” yazısı var idi. Dəhşətli günlər idi.

Mənim onda cəmi 17 yaşım var idi. Və atamın məndən başqa müdafiəçisi qalmamışdı. Biz ikimiz ədalət üçün döyüşürdük. Hüquq müdafiəçiləri ilə görüşürdüm, kömək istəyirdim.. Onların arasında Murad və Rəna Saddədinovaları unutmaq olmaz. Çox çalışdılar atamın azad olunması üçün. Andreas Qross var idi həmin illərdə.. Onunla görüşdük və iki şəkil verdim ki, prezidentə təqdim etsin.

Gözlənilən oldu...

2004-cü ilin 28 dekabrında atamı azad etdilər. Gecə Əvəz Zeynallı ilə onu qarşılamağa getdik. Gətirdim evimizə! Yanvarın 1-də onun 55 yaşını qeyd etdik. Amma ağır xəstə idi. Burda heç nə alınmadı. Yollandı Moskvaya, amma məni aparmadı. Əməliyyatına iki gün qalmış icazə verdi ki, yanına gedim. Çox ağır günlər idi...

Bacımla başında keşik çəkirdik, yatmırdıq. Təki o sağalsın. Sağaldı.

2005-ci ildə mən Ukraynaya təhsil almağa yollandım. 2009-da təhsilimi bitirdim və hərbi xidmətə yollandım. Ordan da 2011-də qayıtdım. Bax belə, onun ömrünü həmişə kənardan izlədim.
O, hamıdan az mənim atam idi... (Sərdar Həmidovun xatirəsinə)
İçimdəkiləri anlada bilmədim. Necə anladım axı?!


Bu gün o cismən yoxdur. Amma tanıdığım hamıdan çox yaşayır. Çünki onun həyatı başqalarının dilindədir.

Son günündə isə o məni aldatdı! Səhər tezdən yuxudan durub adəti üzrə hamama gedib, mənsiz! Mən isə yatmışdım. Telefonuma bir zəng gəldi. Tanımadığım bir adam mənə atamın vəziyyətinin pisləşdiyini dedi. Oyandım. Ayağa duranda bir zəng daha gəldi. Tərtərdən Mehdi idi. Dedi ki, “Sərdar bəyin telefonundan zəng gəlib, dedilər ki, vəziyyəti ağırdır”. “Bilirəm” deyib, tələm-tələsik paltarımı geyinib yollandım “Kubinkaya”. İçəri girdim, atam oturmuşdu, halsız idi. İnana bilmirdim. Əyilib ayaqqabılarını geyindirmək istəyəndə, qoymadı. Heç vaxt qoymazdı! Təcili Tibbi Yardım gəlmişdi, xərəyə qoyub 1 saylı Bakı klinik xəstəxanasına apardılar. Mən də maşınla arxasınca...

Atam ölümə belə hazırlıq görmüşdü. Qədim döyüşçülər döyüşə gedəndə belə edirmişlər. Çimirmişlər ki, öləndə təmiz ölsünlər. Bu onun ölüm mələyi ilə son döyüşü olacaqdı. Bundan əvvəl həmişə o qalib gəlmişdi.

Xəstəxanada atamın məni görmək istədiyini bildirdilər. Reanimasiyaya girdim. Halsız gözlərinə baxdım. Əlimdən tutdu “Dədə, əlini başıma qoy”, dedi. Dediyini elədim. Bir az söhbət etdik. Orda da hamıya məni bu qısa zaman kəsiyində anlatmışdı. Hamıya Şəhriyarı tanıtmışdı. Hamı deyirdi ki, səndən danışırdı bayaqdan.

Dərman qəbul etmirdi. Qoşulan sistemlərin çıxarılmasını istəyirdi.

Başqa palataya keçmək istədi. Keçirdilər... Həmin vaxt İsgəndər əmimə zəng etdim. O da gəldi, həkimlərlə danışdı. “Nə lazımdısa edilsin”, dedi. Hamı çalışırdı.

Palatada yenə danışdıq atamla.

O, hətta həkimlərə qışqırdı, iynə vurmaq istəyəndə ayağa durub sistemi, bütün hər şeyi aşırdı. Elə bildim sağaldı. Onu tanıyanlar bilir ki, səs-küylü adamdır. Axı köhnə kişilər elə olur.

Yenə aldatdı məni. Məgərsə o artıq yorulmuşdu. İynə vurdular yatdı... Gecə xəstəxananın həyətində idim... Bir zəng gəldi və o döyüşün sonu. Atam Sərdar Həmidov sonuncu dəfə yuxuya getdi. Bu onun son dərsi idi: “Elə bir həyat yaşamaq lazımdır ki, öləndə yorulub yuxuya gedəsən, bir də oyanmayasan. Dünyanı rahat dəyişəsən”.

O, ağır və yorğun həyat yaşamışdı. Dünyasını da elə dəyişdi.

Mən atamı digər uşaqlar kimi ömrümün hər anında yanımda görmədim. Amma mən atam üçün həmişə döyüşdüm. İkimiz birlikdə döyüşürdük...
O, hamıdan az mənim atam idi... (Sərdar Həmidovun xatirəsinə)
Bu döyüşə isə o tək getdi


Atam, qəhrəmanım mənim, baş əyirəm qarşında. Mənə şərəfli bir həyat miras qoyduğun üçün minnətdaram sənə! Bu, bütün miraslardan daha böyük və daha ağırdır...

Amma insan ağır yüklərin öhdəsindən gəldikcə ucalar. Səndən öyrənmişəm bunu!

İndi onun vəfatından bir il ötür. Amma o ölməyib, sadəcə dünyasını dəyişib. İnsan yaşaya-yaşaya da ölə bilər. O, isə Azərbaycan durduqca, tarix olduqca xatırlanacaq. Çünki, o öz taleyini özü yazıb.

Ruhun şad olsun!
Şəhriyar Məcidzadə
Etatist.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.