Son yazısını qanla yazdı: gənc yazar özünü niyə öldürdü? - REKVİUM
17-03-2017, 09:25
Dostları Mövludun son vaxtlar depressiyada olduğunu deyiblər; Kamal Abdulla: “Yəqin, sənə hansısa sirr agah olmuşdu...”
Gənc yazar Mövlud Mövlud (Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində intihar edib. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Gecə saatlarında baş verən hadisəni ilk görən 23 yaşlı gənc mühafizəçi olub. O, binaların həyətində gəzindiyi yerdə qəfil tappıltı eşidib, partlayış zənn edib. Yaxınlaşınca yerə çırpılan insan olduğunu görüb və baxıb ki, keçinib. Qorxuya düşüb, nə etmək lazım olduğunu bilməyib. Yaxınlıqda işləyən yaşlı fəhləyə zəng edib, o gəlincə binadan adamlar tökülüşüb, sonra polisə zəng edilib. Gənc yazarın meyitini təcili yardım maşınına qoyub aparıblar. Mühafizəçi deyib ki, binadan atlamadan öncə əynindəki gödəkçəni çıxarıb, eyvana qoyub. Meyitin yanından 80 qəpik pul, alışqan, bir də qaldığı evin açarını götürüblər. “Mən Mövludun intiharının şahidi olmuşam” Bu sözləri isə kulis.az-a hadisənin başqa bir şahidi deyib.
Onun sözlərinə görə, gecə blokda siqaret çəkirmiş: “Birdən tappıltı səsi eşitdim. Qarovulçu sürətlə səs gələn tərəfə qaçdı. Mən də heyrətləndim ki, axı nəyə görə qarovulçu belə təlaşla qaçdı. Mən də qarovulçunun dalınca getdim. Gördüm, yerdə gənc bir oğlan var. Ayağında da ayaqqabısı. Ağzından qan axırdı. Onu heç kim tanımadı. Bizim binada yaşamırdı”.
Məlum olub ki, evi özünü atdığı 17-ci mərtəbəyə yaxındır. Kirayə qaldığı evin qapısına kağızlardan kəsilib hazırlanmış iki ürək şəkli yapışdırıb. Dostları lent.az-ın əməkdaşı ilə söhbətində Mövludun son vaxtlar depressiyada olduğunu deyiblər. Onlar son günlərdə Mövludla görüşmək üçün can atsalar da, gənc yazar hər dəfə görüşməkdən imtina edirmiş. Həyat yoldaşı ilə münasibətinin pozulması, Binəqədi rayonundakı bina yanğınında aldığı ağır psixoloji travma onu depressiyaya salıbmış. Bu azmış kimi, yanğında zərərçəkmiş kimi Mövludun və ailəsinin almalı olduğu maddi kompensasiyanın bəzi şəxslər tərəfindən ələ keçirilməsi onda ciddi gərginlik yaradıbmış.
İş yoldaşları bildiriblər ki, Mövlud Mövlud həmişəki kimi ofisdə deyib-gülüb, dostları ilə zarafatlaşıb. Axşam isə kirayə yaşadığı evə gəlib. Gecə saat 01:30 radələrində isə evin yaxınlığında, iş yerinin yerləşdiyi çoxmərtəbəli binaya daxil olan Mövlud sonuncu - 17-ci mərtəbəyə qalxıb və gödəkçəsini çıxararaq, özünü oradan atıb.
Martın 16-da intihar etmiş gənc yazarın cənazəsi morqdan çıxarılıb və dəfn olunmaq üçün doğulduğu Qazax rayonuna aparılıb. Mövlud jurnalist Sevinc Fədai ilə evli idi, onların ailədaxili problemlərə görə boşanma ərəfəsində olduqları deyilir. Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış. Onların 2 yaşlı oğlan övladı var. Sevinc Fədai modern.az-a sarsıntı içərisində “məndən heç nə soruşmayın. Heç nə deyə bilmirəm” söyləyib. Bildirilir ki, Mövlud intihar edərkən həyat yoldaşı evdə olmayıb.
“Teleqraf” saytının rəhbəri Aynur Camalqızı intiharla bağlı öz rəyini yazıb: “Özümü günahkar sayıram, Mövlud, bütün dünyanı günahkar sayıram... Keşkə, bunu etməyəydin... Keşkə, dözəydin... Kömək istəyəydin... Vallah da, billah da, əlini buraxmazdıq... Bütün ailən sənə diqqətsizlik göstərdi, görməzlikdən gəldilər, qürur duymalıykən sənin kimi bir oğulu taleyin ixtiyarına buraxdılar... Səni öldürdülər! Səni intihara sürükləyən hər şeyə, hər kəsə, mentalitetə, məişətə, hikkəyə, mənəm-mənəmliyə, dikbaşlığa... nifrət edirəm! Keşkə sən sağ olaydın indi, yanımızda olaydın, koridorun başından səsin gələydi, zarafatlarına gülüşən qızların səsi gələydi...”
Dövlət müşaviri yazıçı Kamal Abdulla da bu intihardan təsirlənib: “Səninlə adda-budda görüşlərimi xatırlayıram. Heç on yeddi dəfə olmaz. On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi bir-birinə?! Bunlar olsa da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik. Məni anlayan, mənim anladığım kişilərdən biri də azaldı. Mən də bir nəfər qədər az qaldım. Soruşmayacağam ki, niyə belə etdin?! Yəqin sənə hansısa sirr agah olmuşdu və sən onu özünlə göyə uçurub hamıdan gizlətdin.
Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil. Arxanca baxıram və sən hələ də uçursan" deyə, K.Abdulla bildirib.
“YM”