Xankəndi qumarbazını Kreml üçün vazkeçilməz edən səbəb
17-03-2017, 11:19
Rusiya hökumətinin Ermənistanda keçiriləcək 2 aprel parlament seçkiləri öncəsi hazırkı prezident Serj Sərkisyana açıq dəstəyi bir daha özünü büruzə verdi. Erməni rəhbərin Rusiya səfəri bir çox suallara aydınlıq gətirdi. O, şimal qonşumuz olan ölkədə prezident Vladimir Putin və baş nazir Dmitri Medvedyev tərəfindən ən yüksək səviyyədə qarşılandı.
Ermənistan prezidentinin Rusiya səfərinin əsl səbəbləri gizlədilsə də, ziyarətin dövlətlərarası əməkdaşlıqla bağlı olduğu deyilsə də, əksəriyyəti əsl niyyətin parlament seçkiləri olduğunu düşünür. Əgər bu səfərə qədər Kremlin sabiq prezident Levon Ter-Petrosyana da dəstək verə biləcəyi ilə bağlı fikirlər dolaşırdısa, artıq Sərkisyanın havadarının köməyi ilə 2 aprel seçkilərinin indidən müqəddəratını həll etdiyi deyilir.
Sərkisyan hökumətinə Putin Rusiyasının etimadının azalmaması ilə bağlı bir sıra fikirlər var. Onun Dağlıq Qarabağla bağlı siyasətinin rəsmi Moskvanı qane etdiyi üçün rəqibi Levon Ter-Petrosyan üzərində indidən ciddi üstünlük əldə etdiyi vurğulanır. Səbəb kimi də vaxtilə Ter-Petrosyanın məhz Qarabağla bağlı atdığı bəzi addımların hakimiyyətdən gedişi ilə nəticələnməsi göstərilir.
Digər tərəfdən, sabiq prezidentin uğur qazanacağı halda Ermənistanda Qərb meyllərinin artma ehtimalı önə çəkilir. Çünki zamanında hakimiyyətdən gedişinə səbəbin Kreml olduğunu Ter-Petrosyan bilməmiş deyil və bu sarıdan Rusiyaya indidən arxalanmayacağı ehtimalı yüksəkdir.
Rəsmi Moskva isə heç şübhəsiz himayəsində bəslədiyi bir ölkənin bu siyasəti ilə heç zaman barışa bilməz. Bu baxımdan, Putinin indidən ehtiyatı əldən vermədiyi və 2 aprellə bağlı tədbirli tərpəndiyi qeyd olunur.
Politoloq Elçin Mirzəbəyli Sərkisyanı Rusiya üçün vazkeçilməz edən amilləri bu cür sadaladı: “Kremlin Sərkisyana dəstək verəcəyi gözlənilən idi. Çünki indikindən daha ağır şərtlər altında hakimiyyətdə qalmaq, yaxud hakimiyyəti bir formadan başqa formaya transformasiya etmək istəyən və bunun üçün yalvaran 2-ci bir adam yox idi. Amma bununla yanaşı, Moskva Sərkisyanı nəzarətdə saxlamaq və şərtlərini diktə etmək üçün alternativ variantlar yaratmağı da unutmadı. Öncə əks düşərgədən Ter-Petrosyan xətti işə salındı. Sonra isə Sərkisyanın bütün manevr imkanlarının məhdudlaşdırılması üçün onun öz komandasının içindən Ohanyan xətti işə düşdü. Bütün bunlar Rusiyanın postsovet məkanında tətbiq etdiyi ənənəvi ssenarilərə tamamilə uyğundur. Sərkisyanı vazkeçilməz edən isə onun cinayətləri, ona qarşı təzyiq və təhdid mexanizmlərinin say çoxluğudur. O, Kremlin Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün gerçəkləşdirdiyi qanlı layihələrin icraçılarından biridir. Bu, onun idarə olunmasını asanlaşdırır. Ola bilsin ki, bu amil də Moskvanın seçimində rol oynayıb. Rusiyanın Ter-Petrosyanı seçə biləcəyi bir o qədər də inandırıcı deyildi. Moskva ən pis halda Sərkisyanla Ohanyan arasında seçim edə bilərdi. Çünki Dağlıq Qarabağ amili Moskva üçün Ermənistanın nəzarətdə saxlanılmasında prioritet təşkil edir. Əks təqdirdə, heç bir resursu olmayan ac-yalavac ölkənin ”kökə"sini artırmaq lazım gələcək. İndiki halda isə Moskva Dağlıq Qarabağı “kökə” kimi əlində saxlayıb. Ermənistana göstərir, ümid verir, müharibə təhlükəsi isə daim zopa kimi Ermənistanın başının üstündə dayanıb. Bu, həm iqtisadi, həm də siyasi baxımdan Rusiya üçün daha sərfəlidir".
Politoloq Ermənistanda Rusiya əleyhinə olacaq bir qüvvənin olmadığını da qeyd etdi: “Ermənistanda indiki halda Rusiyaya başağrısı ola biləcək siyasi qüvvə yoxdur. Bu ölkənin müxalifəti də, iqtidarı da Rusiyanın işarəsi ilə hərəkət edir. Heç şübhəsiz ki, əsas amil seçkilər olub. Danışıqların nəticəsi isə aprelin 2-dən sonra bəlli olacaq. Əslində Sərkisyan Moskva ilə şərtlərlə danışa biləcək gücə malik siyasi fiqur da deyil. Dəstək almaq üçün danışıqlar aparmalı və məqbul şərtlər irəli sürməlisən. Sərkisyan ən yaxşı halda nədənsə gileylənə, incidiyini büruzə verə bilər. Qənaətimə görə, o, Moskvaya hakimiyyət üçün hər şeyə hazır olduğunu bir daha bəyan etmək üçün getmişdi. Müzakirə predmeti olduğu bildirilən digər məsələlər isə sadəcə görüntü xarakteri daşıyırdı. Çünki Rusiya-Ermənistan münasibətlərində ”müzakirə" adlanan prosesin adı əslində təlimatdır. Sərkisyan da təlimatını aldı, nəticəsini aprelin 2-dən sonra görəcəyik". \\musavat.com\\