Daha bir jurnalistin həbs olunmaq təhlükəsi var
17-03-2017, 11:29
Anaxeber.az saytının baş redaktoru Azər Talıbov: “Baş verənlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanırəhbərliyi tərəfindən prezidentə ikiqat zərbədir”
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Anaxəbər.az saytına qarşı cinayət işi açıb. İddiada göstərilir ki, sayt Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı kommersiya sirrini yayıb. Azər Talıbov: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dövlət qurumudur və bizim yaydığımız məlumat kommersiya sirri deyil, məhz korrupsiya faktıdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəsi isə bu korrupsiya faktını araşdırmaqdan ibarət olmalıdır. Lakin biz hazırda bunu əksini müşahidə edirik.”
Azərbaycanda korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ən yüksək səviyyədə mübarizə elan olunub. Hər kəsə bəllidir ki, bu mübarizədə mühüm silahlardan biri də ictimai nəzarətdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ictimai nəzarətin işlək mexanizmə çevrilməsində maraqlı olduğunu əksər çıxışlarında vurğulayıb: “Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər”. Ölkə başçısı medianın dostu olaraq dəfələrlə ictimai nəzarət prosesində mətbuatın gücünü də önə çəkmişdir. Azərbaycan mətbuatı da hər zaman qanunsuzluqlar, dövlət vəzifəsi tutaraq ölkə maraqlarının, vətəndaş haqlarının əleyhinə fəaliyyət göstərən məmurları ifşa etmiş və etiraf edək ki, müəyyən zamandan sonra bu ifşa faktları rəsmi şəkildə də təsdiqlənmişdir. Bu gün istər istintaq, istər məhkəmə prosesində olan yüksək vəzifəli şəxslərin cinayət əməlləri zaman-zaman müstəqil mediada işıqlandırılmışdır. Çox təəəssüf ki, bəzi məmurlar bu prosesi – medianın ictimai nəzarət hüququnu və dövlət başçısının bu hüquqa önəm vermıəsino görməməzlikdən gəlir.
Bu günlərdə məlum olub ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Anaxeber.az saytında bu qurum haqqında dərc olunan yazılara görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və burda şikayət əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202-ci maddəsi (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma) ilə cinayət işi qaldırılıb. Bununla bağlı Anaxeber.az saytının baş redaktoru Azər Talıbov bildirib ki, yazılanlara belə bir reaksiya təəccüb və təəssüf doğurur: “Yazılan faktlarla bağlı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəhbərliyinin öz fəaliyyətində araşdırma aparıb qüsurları aradan qaldırmaqdansa, belə bir addım atması sovet məmur təfəkkürünü xatırladır. Ortada korrupsiya əməli, bu korrupsiyanı təsdiqləyən sənəd və araşdırılası ünvan varsa, hər halda Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bunu araşdırmalıdı. Lakin çox təəssüf ki, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bunu etmək əvəzinə kimlərinsə sifarişi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yol verilən korrupsiya faktlarını deyil, bu korrupsiya faktlarını araşdıran mətbuata qarşı cinayət işi açıb. Açığı deyim ki, mən bunu anormal hal kimi qəbul edirəm və hesab edirəm ki, bu açıq şəkildə korrupsiya faktlarını gizlətmək məqsədi ilə mətbuata qarşı hücuma keçməkdir. Bunu başqa adı yoxdur. Mən bir neçə dəfə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılmışam və ifadə vermişəm. Məlumatlar da, onların əldə olunması da, və bu məlumatların həqiqəti əks etdirməsi də açıqdır, istintaqa şikayətçi tərəf də bəllidir. Ancaq işin başqa tərəfi var. Mediaya qarşı belə bir davranış bir dövlət qurumu tərəfindən, yəni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəhbərliyi tərəfindən ölkə prezidentinin yürütdüyü şəffaflıq, korrupsiyayaya qarşı mübarizə siyasətinə qarşı ikiqat zərbədir. Ən çox təəssüf doğuran səbəb isə, bu zərbəni məhz korrupsiyaya qarşı mübarizə aparmaqla vəzifəli olan qurum tərəfindən vurulmasıdır. Onu da qeyd edim ki, haqqımda açılan cinayət işinin anormallığından biri də odur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dövlət qurumudur və bizim yaydığımız məlumat kommersiya sirri deyil, məhz korrupsiya faktıdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəsi isə bu korrupsiya faktını araşdırmaqdan ibarət olmalıdır. Lakin biz hazırda bunu əksini müşahidə edirik. Bu bir tərəfdən ölkə rəhbərliyinin ictimai nəzarət, müstəqil mətbuata verilən önəmə sayğısızlıq, digər tərəfdən isə beynəlxalq təşkilatların Azərbaybaycanda mediaya basqılar haqda hesabatlarına, dolayısı ilə dövlət başçısına təzyiqlərə yol açmaqdır. Bütün bu prosesi, sovet idarəetməsində formalaşan bir məmurun deyil, gənc bir kadrın, müstəqil Azərbaycanda yüksələn bir məmur tərəfindən həyata keçirilməsi isə ikiqat təəssüf doğurur. Bütün hallarda mən bu məsələdə Azərbaycan qanunvericiliyinin keşiyində durmağa, gerçək korrupsiya faktlarını ifşa etməyə borclu olan və prezidentin kursuna sadiq qurumların ədalətinə inanıram. Hər halda bu kimi hallar nə Anaxeber.az saytını nə də digər müstəqil mətbuatı öz yolundan döndərə bilməz”.