“Qara kəmər”dən ağ mundirdə çıxan general - Zakir Nəsirov

18-03-2017, 09:37           

Eldar Mahmudovun rəhbərliyi altında DİN generalının şərlənərək ömürlük həbsə göndərilməsindən 12 il sonra haqq öz yerini tutdu...


Martın 16-da imzalanan əfv sərəncamında adı olanlardan biri də 2005-ci ildən həbsdə olan DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur. Sərəncama əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zakir Nəsirovun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.


Z.Nəsirov həbs edilən andan onun verilən ittihamlar üzrə günahsız olduğu bilinirdi. Bu gün artıq olmayan, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) 2015-ci il oktyabrın 17-də baş tutan və dövlət başçısının sərəncamı ilə nazir də daxil olmaqla, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin vəzifədən çıxarılması, həbsi ilə nəticələnən xüsusi əməliyyatdan sonra bu qurumla əlaqəli bir çox işlərin yenidən araşdırlacağına ümidlər yaranmışdı. Bu sırada ilk yerdə Eldar Mahmudovun rəhbərliyi altında baş tutan, Zakir Nəsirovun şərlənərək ömürlük həbsə göndərilməsi ilə nəticələnən “Qara kəmər” əməliyyatı ilk yerdə gəlirdi. MTN-dəki xüsusi əməliyyatdan sonra bu istiqamətdə müəyyən addımlar da atılmışdı. “Qara kəmər”in “baş qəhrəmanı” Hacı Məmmədovun bacısı Arifə Məmmədova “Yeni Müsavat”a müsahibəsində demişdi ki, qardaşı vəkil tutub və yenidən ifadə vermək istəyir. A.Məmmədova qardaşının 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında Eldar Mahmudovun hədə-qorxu və təzyiqləri altında saxlanıldığını açıqlamışdı. Bildirirdi ki, məhz bu məqama görə Hacı Məmmədov məhkəmədə həqiqəti deyə bilməyib. A.Məmmədova qardaşının həbsinə qədər tabeçiliyində olduğu DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, hazırda iş üzrə ömürlük həbsdə olan general Zakir Nəsirov haqda da fikirlərini açıqlamışdı. Arifə Məmmədova demişdi ki, Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi yoxdur, Zakir Nəsirov süni olaraq bu işə cəlb edilmişdi. Bundan sonra Hacı Məmmədov vəkili Afət Qazıyeva vasitəsilə Ali Məhkəməyə müraciət etdi və “Qara kəmər” işinin yenilənməsini, onun dəstəsi tərəfindən törədilən cinayətlərlə bağlı yenidən ifadə vermək istəyini açıqladı. Bu müraciətdən sonra belə fikir yaranmışdı ki, iş mütləq şəkildə yenidən istintaq ediləcək və Hacı Məmmədovun müraciəti üzrə ədalətli, obyektiv məhkəmə araşdırması keçiriləcək. Amma bu baş tutmadı.


Zakir Nəsirovu azadlığa aparan yolu kəsdilər. Eldar Mahmudovun vəzifədən qovulması da “Qara kəmər”lə bağlı müəmmalı məqamların araşdırılmasına, 11 il əvvəl həbs edilən zaman iş üzrə günahsız olduğu bilinən Zakir Nəsirovun azad edilməsinə yol açılmadı. Ümumiyyətlə isə H.Məmmədovun ifadə vermək istəməsinin qarşısının Ali Məhkəmə səviyyəsində alınmasının səbəbi ictimaiyyətə aydın şəkildə izah olunmadı. Maraqlı bir situasiya yaranmışdı: adamları oğurlayan, sifarişlə öldürən, pula görə qulaqlarını kəsib valideynlərinə göndərən bir dəstənin başçısı danışmaq, həqiqəti söyləmək istəyir, amma Azərbaycanın Ali Məhkəməsi ona “yox” deyirdi, günahsız insanların azad olunmasının qarşısını alırdı...


Bilənlər bilir ki, Zakir Nəsirov 2005-ci ildə həbs göndərilməzdən əvvəl 3 dəfə MTN-ə çağırılıb ona öz rəhbərliyi əleyhinə təqdim olunan ifadlərin altına imza atmasını təklif etmişdilər. General isə bu təkliflə razılaşmamış, hər dəfə ona fikirləşmək üçün vaxt vermişdilər. Sonuncu “yox” cavabından sonra isə onu qandallayıb əvvəlcədən vəd etdikləri kimi ömürlük həbsə yollamışdılar. Z.Nəsirov isə ümidini heç vaxt itirməmişdi. Ara-sıra sorağı mətbuat səhifələrinə çıxır, günahsız olmasını hər dəfə diqqətə çatdırırdı. O, həbsə general olaraq göndərilmişdi, oradan general olaraq da qayıtmaqdadır. Başı dik, alnıaçıq...
Onu həbs edənlər isə azadlıqda olsalar da, dünya boyda həbsxananın içindədirlər. Əməlləri dəmir barmaqlığa çevirilib qarabaqara ətraflarındadır. Səksəkə içində həyatlarını başa vuracaqlar...


Zakir Nəsirov 8 iyun 2005-ci ildə həbs edilib. İbtidai istintaq zamanı və 2006-cı ildən 2008-ci ilə qədər davam edən proses boyu onun “Qara kəmər”lə əhatə olunan cinayətlərə aidiyyəti sübuta yetirilməyib. Üstəlik, Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vəkili Afət Qazıyeva vasitəsilə Zakir Nəsirov haqda ibtidai istintaq və məhkəmələri zamanı yalan ifadələr verdiyini bildirib.

Z.Nəsirovun həbsdə olmasının yeganə səbəbi də məhz Hacı Məmmədovun qərəzli və ziddiyyətli ifadələri idi. Onun bu ifadələrindən başqa, nə istintaqa, nə də məhkəmədə Z.Nəsirov barəsində heç bir sübut yox idi. Əgər Hacı Məmmədovun ifadəsinə hüquqi qiymət verilsəydi, bu gün Zakir Nəsirov Qobustan həbsxanasında olmazdı... Sevindirici hal odur ki, gec də olsa Zakir Nəsirov “Qara kəmər”dən ağ general mundirində çıxacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.