Putinin “pul kombaynı” altında əzilənlər –Kreml Qərbdə öz adamlarını necə yaradır?

18-03-2017, 09:44           

"Krımın ilhaqına qədər ruslarla, demək olar ki, hamı "əməkdaşlıq" edirdi. Sonradan bu məsələdə qeyri-müəyyənlik hökm sürməyə başlasa da, "əməkdaşlıq" dayanmadı və 2016-nın ortalarına qədər davam etdi. ABŞ-dakı son prezident seçkiləri bu istiqamətdə dönüş nöqtəsi oldu. Ruslarla əlaqəsi olanlar postlarını bir-bir tərk etməyə başladı. Bu istefalar həm də böyük qalmaqallarla müşayiət olundu. Məsələn, Maykl Flindən (Trampın istefaya gedən müşaviri) heç kim şübhə etmirdi. Lakin o da məhz məlum "əlaqələrə" görə vəzifədən getdi".

Bu, fikirlər rusiyalı yazar Aleksandr Morozovun məqaləsindəndir.
Putinin “pul kombaynı” altında əzilənlər –Kreml Qərbdə öz adamlarını necə yaradır?
Aleksandr Morozov

Morozov son vaxtların ən aktual mövzusuna – Putinin Avropada və bütün Qərb aləmində "öz adamlarını" necə yaratdığına və bu məqsədlə axıdılan milyonların nəyi hədəflədiyinə aydınlıq gətirib.

Müəllif xatırladır ki, bugünlərdə Litva Seyminin vitse-spikeri Mindauqas Bastis də eyni motivlə istefaya getməli oldu. Məlum oldu ki, Litva xüsusi xidmət orqanları artıq ona məxfi məlumatlarla tanışlığa icazə vermirlər. Vitse-spiker də Rusiya ilə gizli əlaqələrdə ittiham olunurdu.

Düzdür, o bu ittihamları rədd edərək barəsində araşdırma aparılması üçün prokurorluğa müraciət edəcəyini bildirdi. Üstəlik istefa versə belə, parlamentdən tam getməyəcəyini dedi.

Litva parlamentinin sədri Viktoras Prantsketis isə bəyan etdi ki, Bastis parlamentdən birdəfəlik getməsə, onun impiçmenti gündəmə gələ bilər.

Rus biznesmen kimləri ələ alıb?

Konstantin Malofeyev

Bu yaxınlarda daha maraqlı bir olayın üstü açıldı. Məlum oldu ki, rusiyalı biznesmen, oliqarx Konstantin Malofeyev 4 ölkədə Kreml üçün işləyir – Polşa, Çexiya, Slovakiya və Macarıstanda, həmçinin Balkanlarda.

Malofeyevin internet poçtu ələ keçmiş və bu məlumatlar da oradan üzə çıxmışdı. Sən demə, biznesmen Bosniyadakı və Polşadakı seçkilərlə bağlı gizli əməliyyatlar həyata keçiribmiş.

Rus oliqarxın ifşası Kremlin başqa ölkələrdə gizli fəaliyyət apardığının açıq sübutu idi.

Mədəniyyət layihələri adı altında gizli lobbi

Malofeyev Rusiyanın xaricində Kreml üçün işləyən yüzlərlə insandan sadəcə biridir. Krımın ilhaqına qədər bu, ölkə maraqlarına dəstək verən xoşməramlı fəaliyyət kimi görünürdü.

İndi isə vəziyyət dəyişib. "Peterburq dialoqu", "Valday klubu", "Sivilizasiya dialoqu", rusların iştirak etdiyi və pullar xərclədiyi bunun kimi yüzələrlə proqramın gerçək məramı üzə çıxır.

"Rus dünyası" proqramında qısa müddət əməkdaşlıq edən və sonradan oradan ayrılanlardan biri deyib ki, ilk başlarda onları Rusiyanın xaricində Nikita Mixalkovun mədəniyyət layihələri ilə aldadıblar. Lakin 2008-ci ildən etibarən görüblər ki, onları Kremlin ideoloji sisteminə dəstək verməyə yönləndirirlər.

Bəziləri ayıq düşdü və verilən qrantlardan imtina etməyə başladı. Bəziləri isə qrantları almağa və Moskvaya səfərlər etməyə davam edirdi.

Rus pullarına bulaşanlar…
Dünya üzrə milyonlarla insan ayrı-ayrı layihələr və biznes adı altında "rus pullarına" bulaşdırılmışdı.

Ölkədən böyük pulların çıxarılması, sonradan "offşor"lardan keçərək yenidən ölkəyə qayıtması… Putin hökumətinin bu nəhəng pul maşını milyonlara xidmət edirdi. Onların arasında hüquqşünaslar, müxtəlif sahələr üzrə iş adamları, siyasilər, deputatlar, kino və mədəniyyət xadimləri, tərcüməçilər və başqaları var.

Beləliklə, Krım planı işə düşəndə ehtiyatda artıq nəhəng gizli lobbi vardı. Bu adamlar faktiki olaraq satın alınmışdı.

"Əməkdaşlıq" müqabilində onlara bonuslar verilirdi. Bir dəfə olsa belə, pul alan adam gələcəkdə həmin şəxsə qarşı tənqidi yanaşsa da, bunu açıq şəkildə ifadə eləmir, üzdə loyal davranmalı olurdu.

"Sayəsində, məsələn, ev aldığı adamın pis əməlləri haqda kim ucadan danışardı? Sadəcə susurdular", – deyə müəllif bildirir.

İlk baxışda bu, sadəcə əməkdaşlıq idi. Bu biri tərəfdən də iri şirkətlər Rusiyada ofislər açmağa, iş qurmağa davam edirdi.

Putin kimi nəzərdə tutur?

İllərdir davam edən bu istiləşməyə Krımla bağlı yaşananlar kölgə saldı. Putin bu "əməkdaşlıq"da iştirak edənləri seçim qarşısında qoyaraq mövqelərini müəyyənləşdirməyə çağırdı.

Rusiya prezidentinin tez-tez istifadə etdiyi "tərəfdaş" ifadəsini çox vaxt siyasi mənada yozsalar da, əslində bu sözü kinayəli tonda və başqa mənada işlədirdi. O, illərdir Rusiya ilə əlaqələrdən böyük pullar qazananlara səslənirdi.

İndi bu tərəfdaşların da böyük problemləri var. Özü də problem nə Krımda, nə Moskvaya tərbiq edilən sanksiya rejimində, nə də keçmişdə iştirak etdikləri layihələrdədir.

Əsas problem odur ki, Putin dayanmaq istəmir. Bu böyük təbəqə Putinin təkcə Krımla kifayətlənəcəyini və burada da dayanacağını bilsəydi, dərindən nəfəs alıb rahatlayardı.

Bütün bunlara əlavə olaraq 2014-2017-ci illər arasında baş verən səs-küylü olaylarla bağlı çaşqınlıq qalmaqdadır: «Məsələn, "Boinq"i Putin yox, kimlərsə vurub, Nemtsovu Putin yox, çeçen silahlıları qətlə yetirib, Demokratik Partiyanın serverinə hücum Putinin yox, hakerlərin işidir, Ukraynanın dövlət kimi süqutu və Yeni Rusiyanın yaradılması layihəsinin müəllifi Putin deyil, Avropada rusiyayönümlü nümayişləri də Putin təşkil etməyib və s".

Bu siyahı günbəgün böyüyür. Kreml isə bütün bu olaylarla bağlı araşdırma yox, ikitirəli oyun aparır. Məqsəd də bu işlərə bulaşmış adamlarını ört-basdır etməkdir.

Sonrakı peşmançılıq

İndi hamı arxaya dönüb özünə sual verir – Biz kiminlə tərəfdaşlıq etmişik? Bəlkə bu, rus kəşfiyyatı olub? Yoxsa başından bəri məqsəd bizi bu pis niyyətli lobbinin içinə çəkməkdir?

Dövlət Departamentilə, Avropadakı rusiyameylli siyasilərlə bağlı baş verənlər özlərilə ciddi problemlər gətirir – lobbi sərhədlərinin yuyulması, tərəfdaşlıq, casusluq, təşviqat, korrupsiya.

Tutaq ki, dünən Rusiya ilə tərəfdaşlıq edən "xristian demokrat" bu gün Avropa dəyərlərinin çeynənməsinə göz yuman susquna çevrilib:

"Siz təkcə utancaq susqun deyilsiz, həm də keçmiş tərəfdaşlığa sədaqət nümayiş etdirirsiz. Məsələn, deyirsiz ki, Putinin siyasətində kriminal nə var ki? Və ya "Sanksiyalar səmərəsizdir və açıq desək, Krım həmişə rusların olub" fikrini tirajlayırsız"…

Müəllif sonda qeyd edir ki, Avropada hələ çoxları Putinin həqiqi niyyətindən xəbərsizdir. Putinin siyasətini tənqid edənlər isə elə bu tənqidlərlə kifayətlənərək loyal olmağa üstünlük verir: "Gözləyirlər ki, Putin nə zamansa Avropa normalarına uyğun siyasət yürüdəcək. Bu adamlar görmür və ya görmək istəmir ki, Kremlin yürütdüyü siyasət, qətllərə görə məsuliyyət, tutulan killerlər, kiçik dövlətlərdə stabiliyi pozmaq cəhdləri müvəqqəti hal deyil. Bu, elə bu cür də düşünülüb. Və belə də davam edəcək".

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.