IV İslam Həmrəyliyi Oyunları öncəsi böyük tamaşaçı izdihamı yaşanır - FOTOLAR

12-05-2017, 22:31           

Bu gün axşam saat 22:00-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi D. Yusif bin Əhməd Əl-Osayminin çıxışları nəzərdə tutulub. Daha sonra Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edəcək.
Açılış mərasimi zamanı Azərbaycan bayrağı 8 nəfər tərəfindən stadiona gətiriləcək və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən qaldırılacaq. Bu zaman dövlət himni səsləndiriləcək.
Açılışla əlaqədar Bakı Olimpiya Stadionu ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Hündürlüyü 28 metr olan iki minarənin dizaynının üzərində İslam incəsənətinə xas olan bənzərsiz həndəsi elementlərdən ilhamlanaraq, mərkəzi altıbucağı formalaşdıran bir-biri ilə bağlı dairələr əks olunub. Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda olduqca real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdiriləcək.
Mərasim 2200 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq. Səhnədə 40-dan artıq heyvan – atlar, dəvələr və ulaqlar onlara qoşulacaq.
Mərasimdə 100-dən çox dünya şöhrətli musiqiçi tərəfindən səsləndirilən musiqi ondan artıq Azərbaycan bəstəkarının, o cümlədən əfsanəvi Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin bəstələdikləri əsərlərdən ibarətdir.
Azərbaycanın dünya miqyaslı iki ifaçısı - muğam ustası Alim Qasımov və nağaraçı Natiq Şirinov stadionda öz ifa məharətlərini nümayiş etdirəcək.
Bildirək ki, Dördüncü İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi Azərbaycan və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi tədbirdir.
Direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərliyi ilə dünya şöhrətli “Betty Productions Ltd” tərəfindən yaradılmış və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə həyata keçirilən bu mərasim olduqca möhtəşəm və yaddaqalan olacaq.
Mərasimdə sülh və ümid haqqında universal hekayət təqdim ediləcək. Orada bizim ətrafımızda olan hər bir şeyi yaratmış İslam sivilizasiyasının böyük töhfəsi qeyd olunur. Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış kiçik qız və onun çərpələngindən bəhs edilir.
Məlumat üçün bildirək ki, açılış səhnəsinin quraşdırılması 6 həftəyə başa gəlib. Lakin stadionu mayın 16-20-də yüngül atletika yarışlarına hazırlamaq üçün həmin səhnə cəmi 24 saat ərzində söküləcək.
Dünyanın 31 ölkəsindən gəlmiş 5000-dən artıq insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu “Bakı 2017”-nin mərasimlərini reallığa çevirməyə yardım edib.
Stadionu teatra çevirən səhnənin arxa planını yaratmaq üçün 6 kilometr uzunluğunda tünd rəngli parçadan istifadə edilib.
Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Proyeksiya gücü 2,3 milyon lyumen olan 130 proyektor quraşdırılıb. Stadionun səs sistemi üçün 300-dən artıq səsgücləndirici
qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib, 1000-dən artıq işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. Mərasimi təşkil etmək üçün 17 ölkədən hava, quru və dəniz yolları ilə 3000 ton yük gətirilib.
3000-dən artıq başa taxılan qulaqlıq aktyorlara əlaqədə olmaq imkanı yaradıb.
Onu da bildirək ki, İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.
Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
Yarışlar Bakının ən müasir 16 idman meydançasında 24 növ üzrə keçiriləcək (atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, yunan-Roma, sərbəst və qadın güləşi, uşu və zorxana).
Atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır.
Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.
Qaliblərə 1600 medal təqdim ediləcək. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə, 1 milyarddan çox tamaşaçı izləyəcək.
Qeyd edək ki, hazırda Bakı Olimpiya Stadionunda böyük tamaşaçı izdihamı yaşanır. Rəsmi açılış mərasimi öncəsi stadionda ayrı-ayrı tanınmış şou və incəsənət nümayəndələrinin ifaları ilə konsert keçirilir.
Vasif Həsənli















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.