Erməni separatçılarının Şuşa təxribatı - danışıqlara son verilə bilər

16-05-2017, 10:33           
Erməni separatçılarının Şuşa təxribatı - danışıqlara son verilə bilər
Bayram Səfərov: “Bu, erməni siyasətçilərinin növbəti həyasızlığıdır; torpaqlarımızı azad etməliyik ki, erməninin bu söz-söhbəti də qurtarsın”


Qarabağdakı erməni separatçılarının Şuşa ilə bağlı yeni planı ilk baxışda qeyri-ciddi görünə bilər, amma dərinə gedəndə aydın olur ki, burada əslində çox məkrli bir oyun qurulub. İrəvanın və Moskvanın əlində oyuncağa çevrilən separatçı rejim Dağlıq Qarabağın “paytaxtı”nın Xankəndindən Şuşaya köçürülməsini reallaşdırmaqla Azərbaycanın Şuşa ilə bağlı ümidlərini birdəfəlik kəsəcəklərini zənn edirlər.


İşğalçılar və onların havadarları da yaxşı anlayır ki, özünü Azərbaycan vətəndaşı hesab edən heç kəs bu məmləkəti Şuşasız təsəvvürünə belə gətirmir və Azərbaycanın cənnətinin nə zamansa geri qaytarılacağına ümid edir. Bu mənada erməni işğalçılarının canfəşanlığı anlaşılandır. Görünür, separatçılar bu oyuna start verməklə əvvəlcə ictimai rəyi hazırlamaq, yaxud da beynəlxalq təşkilatların reaksiyasının necə olacağını bilmək istəyirlər.


Son zamanlar işğal altındakı Şuşa şəhərində həyata keçirilən tikinti və abadlaşdırma işlərinin sürətinin artırılması da düşmənin məkrli niyyətindən xəbər verir. Bir müddət əvvəl isə xəbər yayılmışdı ki, separatçılar artıq Azərbaycanın tarixi şəhərinə “Mədəniyyət Nazirliyini” və digər dövlət idarələrini köçürüblər. Acınacaqlı vəziyyətdə yaşamalarına baxmayaraq, işğalçılar erməni diasporunun dəstəyi ilə Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşma və tikinti işlərini davam etdirirlər.


Hələlik rəsmi Bakı erməni separatçılarının bu niyyətinə reaksiya verməyib. Ancaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov APA-ya açıqlamasında düşmənin məkrinə dolayısı ilə reaksiya verib. Belə ki, Qarabağ separatçılarının Şuşa ilə bağlı plan qurduğu bir ərəfədə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan həmsədrlərin regiona səfərindən sonra nazirlər səviyyəsində görüşün mümkün olduğunu bildirib. Azərbaycanlı nazir isə bunun prinsip etibarilə mümkün olduğunu qeyd edib. “Amma diplomatiyada ”danışıqlar naminə danışıqlar" mövcud deyil. Hər kəsə aydındır ki, Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır" - E.Məmmədyarov deyib.


Şuşanın zəbti istiqamətində növbəti həyasız addım isə danışıqların mənasının qalmadığını deməyə əsas yaradır. Bu mənada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iyulda bölgəyə planlaşdırdıqları növbəti səfər də, sadəcə, vaxtın uzadılmasına xidmət edir. Diplomatlar erməni separatçılarının planlarına reaksiya vermirsə, onların ədalətli təkliflə gələcəkləri də inandırıcı deyil.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Yeni Müsavat”a açıqlamasında separatçıların öz məqsədlərinə çatmayacağını bildirdi: “Erməni yazır ki, Xankəndi ilə Şuşa birləşdiriləcək. Xankəndi ilə Şuşanın arası 10 km-dir, özü də hamısı döngədir. Məgər Şuşada, yaxud Xankəndində o qədər erməni varmı ki, indi bunlar təzədən o şəhərləri birləşdirələr? Yaxud nə ilə tikəcəklər? Tikəcəklərsə də, çox yaxşı, nə tiksələr, bizə qalacaq. Mən şuşalıyam, Şuşada yaşamışam, şuşalılar, ata-anası qarabağlı olanlar gəlib-gedə bilərlər. Abadlaşdırma söhbətinə gəldikdə, binalar, tikililər var idi, bir az təmir edirlər, adını abadlaşdırma qoyurlar. Bu, erməni siyasətçilərinin növbəti həyasızlığıdır. Nə qədər ki, o ərazilər bizim əlimizdə deyil, erməni bildiyini edəcək. Biz torpaqlarımızı azad etməliyik ki, erməninin bu söz-söhbəti də qurtarsın!”


İcma rəhbəri danışıqların gedişi ilə bağlı da bunları bildirdi: “Erməni xoşluqla torpaq verər? Nə qədər ki, onları ədalətsiz müdafiə edənlər var, nə qədər ki, bu hakimiyyət iş başındadır, torpaqları asanlıqla qaytaran deyillər. Bugünkü hakimiyyət də ötən illərdə olduğu kimi, erməni xalqını yox, özünün hakimiyyətdə qalmasını fikirləşir. Üstəlik, bu məsələ təkcə Ermənistanlıq deyil, ”ilana zəhər verənlər" var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.