Hüquq müdafiəçisi agent qalmaqalından danışdı: “Elçin Behbudov...”
17-05-2017, 09:30
Səadət Bənəniyarlı: “Bu adam həmin strukturun işçisi olub, bu fakt kifayətdir”
Günün ən aktual mövzularından biri- MTN agentlərinin deşifrə olunması hələ də müzakirə olunur. Məlumdur ki, MTN-lə əməkdaşlığa cəlb olunan şəxslərdən biri də mərhum Elçin Behbudovdur. Mətbuatda yayılan ittiham aktına əsasən, etibarlı şəxs BET - Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. E.Behbudova 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raport ilə hər ay 2 min manat mükafatı təyin olunub. 31 may 2014-cü ildə isə onun Strasburqa səfər xərclərinə 2 min 500 manat ödənilib. BET-in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.
Bundan başqa, BET 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.
Bu məlumatlar yayılandan sonra mərhum hüquq müdafiəçisinin uzun illər rəhbərlik etdiyi komitənin üzvü olmuş Elçin Abdullayev sosial şəbəkədə mövqeyini ifadə edən status paylaşıb.
Sitat: “Rəhmətlik Elçin Behbduov ”MTN" və ya Daxili İşlər Nazirliyi ilə “əməkdaşlığını” heç vaxt gizlətməyib.
Hamının yanında deyirdi ki, onun ofisi son dövrlər MTN tərəfindən maliyyələşdirilir. Vicdanla danışaq, Elçin Behbudovun konkret olaraq hər hansı bir jurnalisti, QHT təmsilçisini, müxalifət partiyasının üzvünü satması haqqında kim fakt qoya bilər? Və ya hər hansı yetimi satması haqqında? Kimi satıb? Fakt? Bu imkanlar daxilində nə qədər həbslərin qarşısını alıb, nə qədər insana fərdi kömək edib. Tam məsuliyyətlə deyirəm, Elçin Behbudov bu günə qədər heç bir “işgəncə faktına” biganə qalmayib və gizlətməyib. Qüsurlar, maraqlar və istisnalar var, bu sirr deyil. Amma Elçin Behbduov bu günümüzün “maskalanmış” insanlarından çox səmimi və yaxşı insan idi".
E.Abdullayevin statusuna münasibətlər birmənalı deyil. Məsələn, vəkil Fariz Namazli həmin statusun altında yazır: “Seymur Həzi 15 may 2010-cu ildə inzibati qaydada 7 gün müddətinə inzibati həbs olunarkən 17 mayda Binəqədi müvəqqəti saxlama məntəqəsində işgəncəyə məruz qalıb. Həmin zaman onun yanına Elçin Behbudov getmişdi. Seymur ona işgəncələri barədə danışıb, E.Behbudov ordan çıxıb mətbuata məlumat vermişdi ki, Seymurun vəziyyəti yaxşıdır, işgəncə barədə məlumat verməyib”.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, Elçin Behbudov vaxtilə MTN-də işləyib, sonradan həbs olunaraq işgəncələrə məruz qalıb: “Həbsdən çıxandan sonra hüquq müdafiə sahəsində çalışmağa başladı. Hüquq müdafiəçilərindən yalnız ona MTN-in istintaq təcridxanasında monitorinq aparmağa icazə verilmişdi. Gedib-gəlirdi, məlumatlar verirdi. Bu adam həmin strukturun işçisi olub. Məncə, bu fakt özü kifayətdir. Bundan artıq nəsə demək artıqdır, etik deyil”.
“Hüquq müdafiəçisi monitorinq apardığı strukturun əməkdaşları, rəhbərliyi, vəzifə daşıyan şəxsləri ilə gizli əməkdaşlıq etməlidirmi” sualına S.Bənəniyarlının cavabı belə oldu: “Hüquq müdafiəçisi monitorinq apardığı təşkilatın rəhbərliyi, vəzifəli şəxsləri ilə görüşə, müəyyən məsələlərlə bağlı müzakirə apara bilər. Təcridxanada, həbsxanada, saxlama yerində ciddi pozuntular varsa, bu haqda rəhbərliyi məlumatlandıra bilər. Təkrar monitorinqlər vaxtı həmin pozuntular olarsa, bu haqda KİV-ə məlumat verməlidir. Hüquq müdafiəçisi deyilən mənada yox, pozuntular haqda məlumat verə bilər. Gizli əməkdaşlıqdan söhbət gedə bilməz. Ədliyyə Nazirliyi yanında İctimai Komitə var. Həmin komitədə bir sıra hüquq müdafiəçiləri var ki, işləyirlər. İctimai Komitə üzvləri qəbul olunmuş əsasnamə əsasında fəaliyyət göstərirlər. Əsasnaməyə əsasən aparılan monitorinqdən sonra orada sənəd imzalanır. Həmin sənəd sorğu sənədi adlanır. Hansı pozuntuları görmüşüksə, sənəddə qeyd olunur və təkliflərimizi də yazırıq. Həmin sorğuya əsasən nazirə məruzə olunur. 2-ci dəfə eyni yerə pozuntu görürüksə, bu artıq məsələnin ictimiləşdirilməsi üçün əsasdır”.
“Bəs hüquq müdafiəçisi monitorinq apardığı təşkilatın əməkdaşı ola bilərmi” sualına Səadət Bənəniyarlı belə cavab verib: “Hüquq müdafiəçisi monitorinq apardığı təşkilatda işləyə bilməz”.
Söhbətin əvvəlində S.Bənəniyarlı bildirdi ki, E.Behbudovdan başqa MTN-in İstintaq Təcridxanasında hüquq müdafiəçiləri monitorinq apara bilmirdilər. Bu E.Behbudovun şəxsi ilə əlaqəli olub, yoxsa başqa nüanslar var?
S.Bənəniyarlı hesab edir ki, bu, E.Behbudovun şəxsi əlaqələri ilə bağlı olub: “Çünki o, vaxtilə MTN-də işləmişdi. Ona MTN-in İstintaq Təcridxanasında monitorinq aparmağa xüsusi icazə verilmişdi. Hər dəfə də icazənin müddəti bitəndə yenilənirdi”.
S.Bənəniyarlı E.Behbudovun MTN-in İstintaq Təcridxanasında apardığı monitorinqlərin nəticələri haqda qiymətverici mülahizələr irəli sürmədi: “Yaxşı olar ki, bu haqda vaxtilə orada saxlanılan, hazırda həbsdə və ya azadlıqda olan şəxslər danışsınlar”.
E.Behbudov hüquq müdafiəçisi kimi aktiv fəaliyyətə 2002-ci ildən başlayıb. Təsisçilərindən olduğu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olaraq ən müxtəlif təşkilatlarda monitorinqlər aparıb. O, vaxtilə xüsusi xidmət orqanlarında işlədiyini heç zaman gizlətməyib. Özünün vaxtilə işgəncələrə qalması haqda da suallara da həmişə geniş, hərtərəfli cavab verib.
Məsələn, qəzetimizə vaxtilə bu fikirləri demişdi. Sitat: “Başıma gətirilənləri yada salmaq mənim üçün çox ağırdır. Heç bir günahı olmayan insanı həbs elə, işgəncələrə məruz qoy, şərəf və ləyaqətini alçalt - bunu Allah da götürməyəcək”.
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2015-ci il noyabr ayının 13-də vəfat edib.