Yanğınlarla bağlı istintaq bitir: - məmurlar təlaşda

27-07-2015, 10:41           
Yanğınlarla bağlı istintaq bitir: - məmurlar təlaşda
Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin isə xəsarət almasına səbəb olan dəhşətli yanğından iki aydan çox vaxt keçsə də, hadisə ilə bağlı bir sıra suallara hələ də aydınlıq gəlməyib.

Yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov ANS-ə müsahibəsində istintaqın yaxın 10 gündə bitəcəyini açıqlayıb. Qeyd edək ki, yanğından dərhal sonra poliuretan məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan sonra daha bir sensasion həbs gerçəkləşdi. Belə ki, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutuldu. Onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi. Qəzənfər Novruzov Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır.

Səbuhi Novruzov isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.
Xatırladaq ki, Xətaidəki binada baş verən yanğın da eyni icraatda birləşdirilərək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır. Prezidentin göstərişindən sonra Xətaidəki poliuretan üzlüklə binanı üzləmiş “TNH” səlahiyyətlisi Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov da saxlanaraq barələrində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq bu müddət ərzində yalnız onu bildirib ki, istintaq davam edir və hadisənin baş verməsində təqsiri olan digər vəzifəli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək onların məsuliyyətə cəlb olunması istiqamətində istintaq əməliyyat tədbirləri aparılır.

Xəbərlərə görə, dövlət komissiyası təkcə Binəqədidə deyil, həmçinin Xətaidəki yanğınla bağlı da tam hesabat hazırlayıb prezidentə təqdim etməlidir. Dövlət Komissiyası hər iki binanın niyə və nədən yanması ilə bağlı dəqiq məlumat verməli, bu işdə məsuliyyətsizlik edən bütün dövlət qurumlarının adını çəkməlidir.

Çünki dövlət başçısı komissiyanın iclasında “hamı məsuliyyəti bir-birinin üzərinə atmaq istəyir” deyərək hüquq-mühafizə orqanlarından ciddi araşdırma tələb edib. Bu səbəbdən də komissiyanın sədri Abid Şərifov hələ bir müddət əvvəl “heç kimin məsuliyyətini üzərimə götürən deyiləm” kimi mesaj göndərərək bir neçə məmuru çətin sınaq gözlədiyinə işarə edib.

A.Şərifovun istintaqın 10 günə yekunlaşacağını deməsi onu göstərir ki, prezident bu məsələni diqqətdə saxlayır və güman ki, yaxın günlərdə dövlət komissiyasının iclası keçiriləcək. Redaksiyamıza daxil olan məlumata görə, əslində istintaqın tam yekunlaşmasından söhbət getmir, çünki əsasən də Binəqədidəki yanğınla bağlı həbs edilənlər məsuliyyətin yalnız onlara “yüklənməsi” ilə razılaşmırlar. Qəzənfər Novruzovun istintaqda verdiyi ifadəsində isə Binəqədinin icra başçısı Xaləddin İsgəndərov barədə şok məlumatlar açıqladığı deyilir.

Məlumata görə, Xətaidəki yanmış bina ilə bağlı gözlənilməz həbslər də icra başçısı Razim Məmmədovu çıxılmaz vəziyyətə salıb. Bu işdə həbs edilənlər də məsuliyyəti Xətai İcra Hakimiyyətinin yetkililərində görürlər.

Avqustun 5-dən sonra icra başçılarının “təmizlənməsi” prosesinin başlayacağı haqda xəbərlər təsdiqlənərsə, ilk sırada Binəqədinin və Xətainin icra başçılarının olacağı şübhə doğurmur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.