RİNN-in son 2 ildə apardığı rəqəmsal hökumət siyasəti özünü doğruldubmu ?

20-09-2024, 11:14           
RİNN-in son 2 ildə apardığı rəqəmsal hökumət siyasəti özünü doğruldubmu ?
Gizli deyil ki, bir neçə qrup, RİNN, ASAN, elə biz də , ola bilsin hökumətdə kimlərsə də BMT-nin rəqəmsal hökumətin inkişafı ilə bağlı növbəti reytinqini gözləyirdi.
Çünki, iki il olardı ki, eGov sahəsində səlahiyyətlər Prezident fərmanı əsasında ASAN-dan alınıb RİNN -ə verilmişdi. Vəziyyətin necə olacağı düşündürücü idi.
Xatırladıram ki, 2 il öncə məhz bu aralar BMT-nin 2022-ci il hesabatı çıxmışdı. O zaman Azərbaycan 13 pillə geriləmiş, 83-cü yerə enmişdi. Cavabdeh qurum da ASAN idi.
Həmin hesabatdan sonra hökumətdə ciddi narazılıqların olduğu sezilirdi. Məhz həmin hesabatdan bir qədər sonra səlahiyyətlər bütünlüklə RİNN-ə verilmiş , İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həm də bu sektorda işə başlamışdı.
İndi nəhayət BMT növbəti hesabatını , "E - Hökumətin İnkişaf İndeksi" ("E - Government Development Index") dərc edib.
Yəni əslində bu, elə RİNN-in eGov hesabatıdır 🙂
Yeri gəlmişkən, BMT-nin bu hesabatı yalnız dar çərçivədə, klassik "elektron hökumətin" vəziyyətini deyil, bütövlükdə ölkə üzrə "rəqəmsal mühitin" vəziyyətini əks etdirir.
Beləliklə, 2024 cü il hesabatından görsənir ki, 2 il ərzində Azərbaycan rəqəmsal transformasiyada 9 pillə irəliləyib və 74-cü yerə yüksəlib. Ölkələrin sıralamasında "Yüksək inkişaf" pilləsinə daxil ola bilib.
Xüsusilə "Onlayn dövlət xidmətləri" və "Telekommunikasiya infrastrukturu" istiqamətlərində ciddi artım əldə edib.
Bu da sektorda , xüsusən infrastrukturda aparılan ciddi işlərin nəticəsi olaraq baş verib və reallığa uyğundur .
Əvvəlki 2 ildə 13 pillə geriləmədən sonra 9 pillə yüksəlmə diqqət cəlb edəndir .
Hesabatın E-iştirakçılıq hissəsində isə toplam 10 pillə irəliləyə bilsək də "ən zəif bənd" yenə də E-iştirakçılıqdır. “Elektron iştirakçılığı”n alt indeksi "E-consultation" istiqaməti üzrə "0" bal almışıq.
Xatırladıram ki, bu istiqamət üzrə əvvəlki illərdə, 2016-cı illə müqayisədə 2022-ci ildə nə az-nə çox, hətta 51 pillə geriləmişdik. İndi 10 pillə irəliləsək də görünür ki, bu sektorda ciddi problemlər qalır.
Hesabatdan görsənir ki, bizdə ən zəif vəziyyət həm də "İnsan kapitalı" istiqaməti üzrədir. Geriləmə qeydə alınan yeganə indeksdir.
Qısası, BMT hesabatı göstərir Azərbaycanda rəqəmsal transformasiyada əsasən vətəndaşa yönəlik istiqamətlərdə problemlər var.
Qiymətləndirmə indekslərindən görsənir ki, gerilik və problemlər əsasən vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, vətəndaş müraciətləri, rəyləri və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. məsələlərdədir.
Məsələn, ötən gün İRİA-nın təqdim etdiyi, yetərincə faydalı resursa çevrilən yenilənmiş mygov məhz vətəndaşa yönəlik bir addım idi.
4 sənədin rəqəmsallaşması, vətəndaş üçün mygov-da daha rahat imkanların yaradılması təəssüf ki BMT-nin bu hesabatında öz əksini tapmayıb. Məhz bu məqamlara görə ölkəmiz xeyli irəlidə ola bilərdi.
Hesabatda qonşu və region ölkələrindəki vəziyyəti təqdim edirəm :
Qazaxıstan 24-cü yer
Rusiya 43-cü yer
Ermənistan 48-ci yer
Özbəkistan 63-cü yer
Gürcüstan 69-cu yer
Azərbaycan 74-cü yer
Belarus 77-ci yer
Qırğızıstan 78-ci yer
Tacikistan 123-cü yer
Türkmənistan 145-ci yer
Siyahıdan görsənir ki, region ölkələri də ötən 2 ildə "yatmayıblar".
Nəticə.
Beləliklə, bu hesabatlarda əvvəlki illərdəki böhranlı vəziyyətdən çıxmağı və 9 pillə yüksəlməni, həmçinin bəzi müsbət tendensiyaları nəzərə alsaq Azərbaycanda rəqəmsal transformasiya sahəsində RİNN-in səylərini qənaətbəxş hesab etmək olar.
Amma dərhal da qeyd etmək istərdim ki, region ölkələri ilə müqayisə baxımından, mövcud problemlər baxımından görüləcək işlər daha çoxdur. İndiki tutduğumuz yer bizim potensialımıza adekvat deyil.
İRİA səylərini daha da gücləndirməlidir.
Yeri gəlmişkən, BMT yalnız dar çərçivədə "rəqəmsal hökumət" qiymətləndirməsini deyil, bütövlükdə rəqəmsal transformasiyanı dəyərləndirdiyindən, vətəndaş iştirakçılığı və vətəndaşa yönəlik rəqəmsal transformasiya məsələlərində problemlər çox olduğundan Prezident Administrasiyasının müvafiq bölmələri də bu sahəyə diqqəti artırmalıdır.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.