“Quska”nı müayinə edəcək professordan açıqlama – “Heç bir təmənna güdmədən…”
20-09-2024, 00:08
Sabiq deputat Hüseyn Abdullayevin (Quska) cinayət işi üzrə onlayn formatda növbəti məhkəmə prosesi keçirilib. Təqsirləndirilən H.Abdullayev səhhətində olan problemlə bağlı veb-kamerada görüntülənməkdən imtina edib.
Vəkillər vəsatət qaldıraraq təqsirləndirilən şəxsin səhhətində olan ciddi problemlə bağlı tanınmış həkim, professor Adil Qeybullanın Penitensiar Xidmətin müalicə müəssisəsində onu müayinə etməsinə icazənin verilməsini istəyiblər. Dövlət ittihamçısı vəsatətə etirazını bildirib. Hüseyn Abdullayevin səhhətində proseslərdə iştirakına mane ola biləcək hər hansı problemin olmadığını bildirib. O, Penitensiar Xidmətin Tibb İdarəsində kifayət qədər ixtisaslaşmış tibb mütəxəssislərinin olduğunu vurğulayaraq, professor Adil Qeybullanın müayinəsinə ehtiyacın olmadığını deyib. Məhkəmə heyəti yerində müşavirə edərək təqsirləndirilənin vəkillərinin vəsatətini qəbul edib.
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən professor Adil Qeybulla dövlət ittihamçısının sadəcə, bir hüquqşünas olduğunu xatırladıb.
A.Qeybulla deyib ki, dövlət ittihamçısı məhbusun hansı müayinəyə ehtiyac olduğunu bilməz:
“O nə bilir ki, məhbusa hansısa kömək lazımdır və onun hansı mütəxəssisə ehtiyacı var? Azərbaycan qanunvericiliyinə görə, istənilən məhbus mülkü həkimin müayinəsinə ehtiyacı olması məsələsini qaldıra bilər, buna onun hüququ çatır və bu hüquqdan da rahat şəkildə istifadə etmək haqqına sahibdir. O cümlədən də Hüseyn Abdullayevin belə bir hüququ var. Ona münasibətin necə olmasından asılı olmayaraq, hüquqlarını nəzərə almaq lazımdır”.
A.Qeybula kimliyindən asılı olmayaraq həbsxanada olan şəxsləri həkim kimi müayinə etməyə hazır olduğunu bildirib:
“Heç bir təmənna güdmədən, qonorar almadan həbsxanada olan məhbusu müayinə etməyə hazıram. Çünki bu mənim həkimlik borcumdur. Biz xəstələrə baxanda onun heç bir mənsubiyyətini nəzər almırıq, xəstəyə insan kimi yanaşırıq. Hesab edirəm ki, Hüseyn Abdullayevin də müayinəsi ilə bağlı olan tələblərini yerinə yetirmək müvafiq strukturların borcudur və dövlət ittihamçısının bu cür özünə aid olmayan, öz hüquqlarını aşan bəyanatla çıxış etməsi utancverici haldır”.
Adil Qeybulla birmənalı olaraq qonorarla işləmədiyini bildirib.
Xatırladaq ki, Hüseyn Abdullayev 2019-cu ilin oktyabr ayında altı il müddətinə azadlıqdan məhrum edilib. Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.