27 sentyabr həm də Zəfər gününün başlanğıcıdır
18-09-2024, 11:39
Xalqımız əvvəllər təqvimdə bir çox günləri kədərlə qarşılayırdı. 28 il müddətində hər il düşmən əsarətində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad edirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəti Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 2020-ci ilin 27 sentyabr tarixi Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.
44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi.
Prezident İlham Əliyevin 2020-ci il 27 sentyabr Anım Günündə xalqa etdiyi müraciət bizi Qalib xalq olaraq bir daha duyğulandırdı, qürurlandırdı! Bu müraciəti dinlədikcə bir daha Ali Baş Komandanımızla, şəhidlərimizlə, qazilərimizlə, Ordumuzla, bütövlükdə xalqımızla qürur duyduq.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müraciətində ilk növbədə şəhidlərimizi – canı, qanı bahasına bu qələbənin qazanılmasında iştirak etmiş əsgər və zabitlərimizi hörmət və ehtiramla andı. Əsgər və zabitlərimizin qəhrəmanlığını, igidliklərini yüksək dəyərləndirdi.
Cənab Prezident bildirmişdir: “44 gündən sonra – artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!
Mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”
Ötən il, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu. Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun əzmi və gücü qarşısında diz çökən separatçılar ağ bayraq qaldırdılar. Artıq bu ərazilərdə yerləşən bütün strateji yüksəklik və məntəqələrdə Azərbaycan bayrağı dalğalanır.
Bundan sonra biz qalib ölkə, qalib xalq olaraq yaşayacağıq, azad edilmiş torpaqları qurub bərpa edəcəyik. İllərlə öz doğma sakinlərini gözləyən o torpaqlara həyat qayıdır, insanlar qayıdır. Biz daim Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq.
Metin Hüseynov - siyasi sərhçi, politoloq