1988 Meydanından başlamış mübarizənin sonu- Seyidağa Mövsümov vəfat etdi

26-06-2018, 08:06           

Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlü vəfat edib. Bu barədə QAZİLER.AZ saytına mərhumun dostu, hərbi kinooperator, rejissor Nizami Abbas məlumat verib.
Xatırladaq ki, Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib.

Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla” (3 hissəli), “Göz həkimi” “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. S.Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub. O hərbi mükəlləfiyətini Respublika Müdafiə Şurasının könüllüər dəstəsində başlayıb və sonra Şıxov batalyonu kimi tranınan 701-ci batalyonun zabiti olub. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.

Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş şair Ramiz Duyğunun, general Zaur Rzyevin təklifi ilə 19 fevral 1992-ci ildən nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayır. 2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.
teref.az saytının kollektivi və şəxsən Nurəddin Xoca ailəsinə baş sağlığı verir və Tanrıdan ona rəhmət diləyir!
Tanrı ruhunu şad etsin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.