Volodinin Bakıdan İrəvana mesajı... – Şərh

26-06-2018, 10:39           

Bütün hallarda Volodinin ifadələri Dağlıq Qarabağın azərbaycanlı icmasının bu ərazidə yaşayışını təmin etmək kontekstində qaldırılan söhbətlərdən irəli gəlir.

Bu sözləri Axar.az-a Rusiya Dumasının spikeri Vyaçeslav Volodinin açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə deyib.

“Bilirsiniz ki, Dağlıq Qarabağda Azərbaycan icması yaşayır və onların da bu torpaqlarla bağlı haqlı tələbləri var. Erməni tərəfi isə onların haqlarını saymır. Ancaq Azərbaycan tərəfi həmişə Qarabağda yaşayan ermənilərin haqlarını qəbul edib. Azərbaycan ermənilərin Dağlıq Qarabağda yaşayışlarını təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini dəfələrlə bəyan edib. Əks tərəf isə azərbaycanlıların bu hüquqlarını ümumiyyətlə eşitmək istəmir. Bu fonda hesab edirəm ki, Volodin sözügedən açıqlamasında erməniləri nəzərdə tutub. Bütün hallarda Volodinin ifadələri Dağlıq Qarabağın azərbaycanlı icmasının bu ərazidə yaşayışını təmin etmək kontekstində qaldırılan söhbətlərdən irəli gəlir”, - ekspert bildirib.

Siyasi şərhçi Elxan Şahinoğlu da Volodinin İrəvanı nəzərdə tutduğunu diqqətə çatdırıb:

“Nə ABŞ, nə də Avropa İttifaqı Azərbaycanla Rusiya arasındakı münasibətləri pisləşdirmək üçün nəsə edir. Bunu istəyən yeganə dövlət Rusiyanın strateji müttəfiqi Ermənistandır”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iyunun 24-25-də Azərbaycana iki günlük səfər edib. O, Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə bildirib ki, Dağlıq Qarabağla bağlı situasiyanın gərginləşməsinə imkan vermək olmaz:

“Münasibətlərin kəskinləşməsinin tərəfdarı olan, xalqın səsini eşitməyib, onun sülh içərisində yaşamaq istəyini nəzərə almayan hər kəs situasiyanı gərginləşdirmək yoluyla gedir. Biz hər şeyi etməliyik ki, bu yolun qarşısını alaq. Azərbaycan Dağlıq Qarabağla bağlı hər zaman doğru və konstruktiv mövqe tutub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.