“AMAY Abdulla” zərərçəkənə pul təklf etdi MƏHKƏMƏ ZALINDA
27-04-2015, 15:23
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə iş üzrə Taleh Məmmədov və Əlican Ələkbərov zərərçəkmiş şəxs qismində dindirildi.
Dindirilmə zamanı məlum oldu ki, zərərçəkmiş şəxs kimi məhkəməyə dəvət olunan T.Məmmədov və Ə.Ələkbərov ibtidai istintaqda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadə verməyiblər. Zərərçəkmiş şəxslərin istintaq zamanı dindirilməməsi A.Abdullayevin vəkillərinin etirazına səbəb oldu.
Vəkil Osman Kazımov bunu prosessual pozuntu adlandırdı: “Abdulla Abdullayevə nə cəza verəcəksiniz, öz işinizdir. Amma bu cür işləri məhkəməyə göndərmək məhkəmə sistemini ələ salmaqdır”.
Zərərçəkmiş şəxslər ifadələrində 2004-cü ildə “Xudafərin” MMC ilə müqavilə bağladıqlarını, binanın tam komplekləşdirilməməsini məhkəmənin nəzərinə çatdırdılar.
T.Məmmədov ifadəsində 11 ildir “Xudafərin” MMC dən ev aldığını, 63 min dollar ödədiyini və hazırda evini tələb etdiyini dedi: “Mən Korrupsiya İdarəsinə çağırılmamışam, dindirilməmişəm. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbim və şikayətim yoxdur. “Xudafərin” MMC ilə müqavilə bağlamışam, tez bir zamanda binanın tam komplekləşdirilməsini və evimə köçməyimi istəyirəm”.
Digər zərərçəkmiş Ə.Ələkbərov da eyni məzmunlu ifadə verdi. O, 14 ildir ev aldığını, amma bu günə kimi mənzilinə köçə bilmədiyini dedi: “Korrupsiya İdarəsində olmamışam. Amma “Xudafərin” MMC-yə getmişəm, evimi tələb etmişəm. Adamı nə qədər aldatmaq olar? O vaxtkı pulla mən 50 ev alardım, kirayəyə verərdim. Gör nə qədər pulum gedib”.
Abdulla Abdullayev zərərçəkmiş şəxsdən nə qədər pul ödədiyini, pulu kimə verdiyini və həmin pullarının hara getdiyini xəbər aldı: “Sənin orada mənzilin var. Sənə ödədiyin məbləğ qədər pul verirəm, 20 ildən sonra gətirib qaytararsan. O bina mənim günahıma görə yubanmayıb. Sizin şikayətlərinizə görə yubanıb”.
Zərərçəkmiş Ə.Ələkbərov heç kimə və heç yerə şikayət etmədiyini, A.Abdullayevin ona ziyan vurmadığını, ondan şikayətçi olmadığını bildirdi.
Bununla da məhkəmə prosesi aprelin 28-dək təxirə salındı.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.