Sürücülərə bəd xəbər – Kəməri taxmayanlar radara düşəcək
15-01-2016, 01:27
Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə MMX protokollar yazılacaq
Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülərin məsuliyyəti ilə bağlı maraqlı yeniliklərdən biri də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə elektron protokolların tərtib edilməsi olacaq. Avtosfer.az-ın məlumatına görə, Məcəllənin layihəsində sürücünün təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi halda bu qayda pozuntusunun foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə, yəni nəzarət kameraları ilə qeydə alınması və avtomatik rejimdə elektron protokolla rəsmiləşdirilməsi təsbit edilir. Ona görə də sürücülərə bundan sonra təhlükəsizlik kəmərindən istifadə etməməyə görə də MMX protokollar yazıla biləcək.
Lakin bu yeniliyin maraqlı təcrübi tərəfi də var. Sükan arxasındakı sürücünün hərəkət vaxtı kəməri bağlayıb-bağlamamasını bəzən yaxın məsafədən adi gözlə də seçmək çətin olur. Belə olan halda həmin qayda pozuntusunun videokamera ilə necə qeydə alınacağı maraqlıdır. Görünür, bundan ötəri nəzarət kameralarının optik imkanlarını və digər texniki göstəricilərini gücləndirmək lazım gələcək.
teref.az