Bir qrup ehtiyatda olan zabit prezidentə müraciət etdi

15-01-2016, 12:06           
Bir qrup ehtiyatda olan zabit prezidentə müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə

Surəti: AR Müdafiə Naziri Zakir Həsənova

Surəti: AR Ədliyyə Naziri Fikrət Məmmədova

Ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli Prezident!
Cənab Ali Baş Komandan!

Biz 08.12.2015-ci il tarixdə “Moderator.az” saytı vasitəsilə AR Müdafiə Nazirliyinə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyimiz müddət ərzində istifadə etmədiyimiz növbəti məzuniyyətə görə kompensasiyanın bizlərə ödənilməsinə dair” Azərbaycan Respublikası məhkəmələrinin qəbul etdikləri və bir neçə il əvvəl (2007-ci ildən başlayaraq) qanuni qüvvəsini almış və icraya yönəlmiş, lakin indiyə qədər icra edilməmiş məhkəmə qərarlarının tezliklə icra edilməsini xahiş etmişdik.

Elə həmin gün həmin sayt vasitəsi ilə müraciətimizə Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən verilən cavabdan məlum oldu ki, “Maliyyə vəsaiti çatışmır, vəsait ayrıldıqdan sonra məhkəmə qərarlarının icrası mərhələli şəkildə nazirlik tərəfindən həyata keçiriləcəkdir”.

Açıq desək müraciətimizə mahiyyəti üzrə baxılıb həll edilməsi əvəzinə belə bir formal cavabın verilməsi bizim çox gözlənilməz oldu. Belə ki,

1.Məhkəmə qərarlarının icrasını tənzimləyən nə “İcra haqqında” AR Qanunununda, nə də ki, digər qanunvericilik normalarında məhkəmə qərarlarının “mərhələli şəkildə” icra olunması anlayışı yoxdur.

2.Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 2 ay ərzində (müstəsna hallarda bu müddət icra orqanının rəhbərinin qərarı ilə 1 ay müddətədək uzadıla bilər) icra olunmalıdır.

3.Müdafiə Nazirliyi tərəfindən məhkəmə qərarlarının “Maliyyə vəsaitinin olmaması” səbəbindən icra edilməməsinə gəldikdə isə əlavə olaraq bildiririk bizlərdən daha sonra - 2014-2015-ci illərdə analoji məhkəmə qərarlarını almış ən azı 3 nəfər ehtiyatda olan hərbiçiyə həmin qərarlar əsasında 2015-ci ildə iri məbləğlərdə (ən azı 10 min manat və daha çox) pul vəsaitlərinin ödənilməsi faktları bizə məlumdur. Təbii ki, bu ödənişlər “tanışlıq” və yuxarıdan “tapşırma” qaydasında baş vermişdir.

Hörmətli Prezident!
Cənab Ali Baş Komandan!

Biz bilirik ki, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi Sizin daimi diqqət mərkəzinizdədir. Bunu Sizin “Məhkəmə qərarlarının icrasını təkmilləşdirilməsi haqqında” 15.07.2010-cu il tarixli 303 №li Fərmanınız da təsdiqləyir. Həmin fərmanla siz məhkəmə qərarlarının vaxtında və tam icra olunması üçün Ədliyyə Nazirliyinə konkret tapşırıqlar vermisiniz. Lakin tam məsuliyyətimizlə bildiririk ki, bizim məhkəmə qərarlarının icrasına cavabdehlik daşıyan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Səbail rayon icra şöbəsinin vəzifəli şəxslərinin (icra məmurlarının) məhkəmə qərarlarının icrası istiqamətində məcburi icra tədbirlərinin görməməkləri təkcə Müdafiə Nazirliyində 100-dək məhkəmə qərarlarının icra edilməməsinə gətirib çıxartmışdır. Adi aliment və ya banklara olan kredit borclarına görə sadə vətəndaşların bank hesablarına, əmlaklarına həbs qoyan, bütün daşınar və daşınmaz əmlakını hərraca çıxarıb dəyər-dəyməzə sataraq məhkəmə qərarlarının icrasını təmin edən icra məmurlarının bu hərəkətsizliyi yumşaq desək başa düşülən deyil.

Bizim hər birimiz ömrümüzün 20-30 ilini hərbi xidmətə həsr etmişik. Lakin uzun müddət xidmət etdiyimiz doğma Müdafiə Nazirliyi tərəfindən hüquqlarımızın pozulması, məhkəmə qərarlarının icrasında yol verilən süründürməçilik və bizə qarşı belə etinasızlıq bizə həqiqətən çox pis təsir edir.

Cənab Prezident!
Hörmətli Ali Baş Komandan!

Azərbaycan Dövləti adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarlarının cavabdeh orqan - AR Müdafiə Nazirliyi tərəfindən icra olunması üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.



Hörmətlə:
1. ehtiyatda olan polkovnik Camaləddin Məmmədov
2. ehtiyatda olan polkovnik Eldar Həşimov
3. ehtiyatda olan polkovnik-leytenant Araz Şiriyev
4. ehtiyatda olan polkovnik-leytenant Araz Salamov
5. ehtiyatda olan polkovnik-leytenant Asif Məmmədov
6. ehtiyatda olan mayor Hacı Ələkbərov
7. ehtiyatda olan mayor Samir Axundov
8. ehtiyatda olan mayor İlqar Əmirxanov
9. ehtiyatda olan mayor Telman Əbilov
10. ehtiyatda olan mayor Rafiq Bayramov
11. ehtiyatda olan kapitan Şahin Əliyev
12. ehtiyatda olan baş leytenant Nəcməddin Abdullayev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.