Sumqayıtda 4 yaşlı uşaq “REAL” Klinikasında əməliyyatdan sonra öldü

1-07-2016, 19:20           
Sumqayıtda 4 yaşlı uşaq “REAL” Klinikasında əməliyyatdan sonra öldü
Sumqayıtda “Real” Klinikasında ötən gün burun və boğaz ətinin kəsilməsi ilə bağlı əməliyyat keçirən 4 yaşlı A.Qurbanlı adlı qız uşağı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.
ATV.az-ın məlumatına görə, ailə üzvləri uşağın ölümündə həkimi günahkar bilir. İddialara görə, həkim burunla-boğaz arasındakı damarı kəsdiyi üçün uşaq dünyasını dəyişib. Klinikaya mürciət etdik və orada özünü hüquqşunas kimi təqdim edən xanım bildirdi ki, uşağın ölümünün əməliyyatla əlaqəsi yoxdur, bu, ekspertizanın nəticəsi ilə də sübut olunub. Uşağı əməliyyat edən həkim İlham Ağayev ATV.az-a açıqlamasında iddiaların əssasız olduğunu bildirib: “Uşaq ötən gün saat 13 radələrində əməliyyat olunub. Əməliyyat tam normal keçib və 4 saat sonra uşağa su və süd içməyə də icazə vermişik. Saat 17:30-a qədər klinikada olmuşam və dəfələrlə uşağa baş çəkmişəm. Uşaq ayılmışdı, danışırdı, su və süd içirdi, vəziyyəti tam normal idi və boğazından heç bir qan gəlməyib.
Daha sonra xəstəxanadan çıxdım və təxminən 19 radələrində yenidən xəstəxanaya qayıdıb uşağa baş çəkdim, hər şey normal idi. Xəstəxanadan çıxandan sonra saat 20 radələrində danışmışam, xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti normaldır. Təxminən axşam saat 9-a qalmış uşaq qaytarıb. Daha sonra halı pisləşib, müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Uşağın meyitini ekspertizaya göndərmişik və cavab çıxıb ki, ölümün əməliyyatla bir bağlılığı yoxdur. Sadəcə olaraq, qusuntu uşağın nəfəs borusuna düşüb, bunun nəticəsində də o, ölüb”.
Uşağın valideynlərinin həkimi günahkar bilməsinə fikir bildirən İ.Ağayev bildirir ki, bu, artıq ekspertizayla da sübut olunub ki, həkimin səhvi yoxdur: “Sadəcə aydındır ki, uşaq dünyasını dəyişdiyi üçün valideynlər məni günahkar bilir, bu subyektiv fikirdir. Ancaq ölümün əməliyyatla bir bağlılığı yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.