"Biz günahkar deyilik" - Binəqədidəki yanğınla bağlı məhkəmədən REPORTAJ
11-07-2016, 17:06
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə istintaqı başlamazdan əvvəl vəkillər bir neçə vəsatətlə çıxış ediblər.
Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problem olmasına baxmayaraq tibb müəssisəsindən çıxarılaraq təcridxanaya köçürülməsinə etriaz etdiklərini bildirib.
Vəkil Penitensiar Xidmətə Ceyhun Həsənovun rəis təyin edilməsindən sonra Q.Novruzovun təcridxanaya köçürüldüyünü söyləyib: "Müvəkkilimin səhhətində ciddi problem olması, daim həkim nəzarətində saxlanılması ilə bağlı ekspert rəyi var. Ancaq onu yenidən tibb müəssisəsindən təcridxanaya aparıblar. Müvəkkilimin tibb müəssisəsinə köçürülməsini təmin edilməsini tələb edirik".
Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatət qaldıraraq sübutların tədqiqatına şərait yaradılmasını, məhkəmə zalında texniki şərait yaradılaraq video və foto sübutların təqdim edilməsinə şərait yaradılmasını istəyib. İ.Həsənova həmçinin məhkəmə prosesinin kameralar vasitəsi ilə lentə alınması ilə də bağlı vəsatət qaldırıb.
Uğur Bəşirovun vəkili Cavad Rzazadə isə istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə icazə verilmədiyi üçün indi əldə etdiyi materialların sübut kimi tanınmasını istəyib.
Vəkil 52 ədəd fotonu məhkəmə heyətinə təqdim edib. O, fotolarda binanın nə zaman üzləndiyini, işlərin nə zaman yekunlaşdığını tarixlə sübut edildiyini söyləyib: "Fotolardan biri yanğın baş verən gündən 3 ay əvvəl çəkilib. Görünür ki, binanın üzlənməsi başa çatıb. Uğur Bəşirov bu iş başa çatandan sonra şirkətə baş direktor təyin olunub. O vaxta qədər Gəncədə Aqrar Universitetdə müəllim, elmi işçi kimi çalışıb".
Vəkil həmçinin fotosübutların həqiqiliyinin sübut edilməsi üçün ekspert təyin olunması ilə bağlı vəsatət qaldırıb.
Hakimlər müşavirəyə yollandıqdan sonra vəsatətlərə münasibət bildirilib.
Vəkil Nüşabə Ağayevanın vəsatəti təmin edilib və Qəzənfər Novruzovun yenidən tibbi müayinədən keçirilməsi və zərurət varsa, tibb müəssisəsinə köçürülməsi qərara alınıb.
Vəkil İlhamə Həsənovanın vəsatətlərindən biri - məhkəmə prosesinin lentə alınması təmin edilməyib. Hakim video və foto sübutların məhkəmə zalında izlənməsi ilə bağlı vəsatət münasibət bildirərkən deyib ki, təqsirləndirilən şəxslər ifadə verərkən zərurət yaranarsa, bu vəsatət təmin olunacaq.
Vəkil Cavad Rzazadənin təqdim etdiyi fotoların sübut kimi tanınması ilə bağlı vəsatəti təmin edilsə də, ekspertiza təyin olunması ilə bağlı vəsatəti baxılmamış saxlanılıb.
Zərərçəkmişlərdən Səbinə Manafova mülki iddia ilə çıxış edib. O, mənzilinə dəymiş ziyanın düzgün hesablanmaması ilə bağlı vəsatət qaldırıb. Vəsatət müzakirəyə çıxarılmayıb və baxılmamış saxlanılıb.
Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslərin hamısı özlərini təqsirli bilmədiklərini söyləyiblər.
“Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu ittihamda elan olunanların bir cümləsi ilə belə, razılaşmadığını bildirib.
Məhkəmə prosesi bundan sonra həftədə iki gün olmaqla davam erdiriləcək.
Məlumat üçün bildirək ki, binada üzlənərkən və yanğın baş verərkən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.