CƏBHƏDƏ GƏRGİNLİK ARTDI- 1 düşmən əsgəri öldü, 1-i yaralandı
23-07-2016, 22:23
Qondarma “DQR”-in “müdafiə nazirliyi” bu gün günorta saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Xocavənd) bir erməni əsgərinin öldürüldüyü haqda məlumat yayıb. Məlumata əsasən hərbi qulluqçu Arsen Arakelyan “Azərbaycan qoşunlarının mövqelərindən açılan atəş nəticəsində” həlak olub.
Bundan əvvəl qondarma rejimin “müdafiə nazirliyi” Azərbaycan tərəfinin açdığı atəşlə müqavilə əsasında xidmət keçən hərbçi Mqer Çiloyanın yaralandığını açıqlamışdı. Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərin yaralanmasında iştirakının olduğunu təkzib edib.
Xatırladaq ki, prezidentlərin may ayında Vyanada keçirilən görüşü ərəfəsindən etibarən təmas xəttində əsasən sakitlik hökm sürürdü və atəşkəsin pozulması halları kəskin azalmışdı. Lakin iyulun ortalarından etibarən Ermənistan silahlı qüvvələri yenidən təmas xəttində təxribat xarakterli addımlar atmağa başlayıb. Əvvəlcə Qazax istiqamətində bir əsgərimiz, daha sonra Ağdam istiqamətində zabitimiz düşmən snayperi ilə vurulub. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, təmas xəttində vəziyyətin yenidən gərginləşməsinə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşəcək.