Lahıcda ASAN könüllülərinin ilk “Həmrəylik Düşərgəsi” sona çatdı.

25-07-2016, 21:50           


teref.az - Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq ayrı-ayrı millətlərin, konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdəndir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub və bu gün də davam edir.
Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. “Multikulturalizm ili” ilə əlaqədar İsmayıllıda çoxsaylı tədbirlər həyata keçirilmişdir. Hazırda İsmayıllıda 8-dən çox azsaylı xalqın,milli azlığın, etnik qrupun nümayəndələri yaşayır, öz adət-ənənələrini, milli mədəniyyətlərini inkişaf etdirir, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək öz vətəndaşlıq borclarını ləyaqətlə yeinə yetirirlər.
Bu istiqamədə RİH-nin, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının, dövlət qurumlarının həyata keçirdiyi rəngarəng tədbirlər rayonda maraqla qarşılanır, yüksək səviyyədə icra olunur.
Maraqlı və böyük ictimai-siyasi əhəmiyyət kəsb edən tədbirlərdən biri də 20-25 iyul 2016-cı il tarixlərdə Lahıc qəsəbəsində reallaşdı. “ASAN könüllülər” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin “Əhali Fondu”nun təşkilati dəstəyiilə Azərbaycanda multikultural ənənlərin mövcud olduğu və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş misgərlik sənətinin vətəni Lahıcda “Həmrəylik düşərgəsi” layihəsi icra olundu.
Layihənin açılış mərasimində İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov qonaqları və iştirakçıları salamlayıb, Lahıcın Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllülər Təşkilatının 8 min gənci öz ətrafında birləşdirdiyini söyləyib. “Həmrəylik düşərgəsi”ndə könüllülərin sosial məsuliyyəti ilə yanaşı, vətənpərvərlik tərbiyəsinə də geniş yer verilib.
Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Ədalət Əliyev Azərbaycanda ilk dəfə keçirilən bu layihənin gənclər arasında milli-mədəni irsin, multikultural dəyərlərin qorunmasında xüsusi yer tutacağını qeyd ediblər. Layihəyə dəstək olan bütün şirkətlər adından Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev tədbirin vacibliyini və böyük əhəmiyyət daşıdığını bildirib.
6 günlük layihə müddətində biri-birindən maraqlı tədbirlər, aksiyalar, turlar keçirilmiş, düşərgədə dövlət rəsmiləri, Milli Məclisin deputatları ilə görüşlər təşkil olunmuşdur.
Düşərgənin tərəfdaş və dəstəkçiləri-Paşa Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, Coca-Cola və s. aid şirkətlər layihəyə sosial məsuliyyət çərçivəsində öz məhsulları ilə də dəstək veriblər. ASAN Könüllüləri tərəfindən qəsəbə ərazisində olan tam orta məktəbin, Lahıc-Tarix Mədəniyyət Qoruğunun, Lahıc Mərkəzi Muzeyinin binaları və dam örtükləri, mərkəzi küçələrdə olan həyət qapıları rənglənib, Lahıc qəsəbəsi və ətraf kəndlərin əhalisinə şəxsiyyət vəsiqələri verilib.
“Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü 6 günçadırlarda yaşayıb. Tədbirlər sırasında Niyaldağa yürüş daha maraqlı xarakter daşıyıb. İştirakçılar Azərbaycanın qədim tarixi ərazi və abidələri ilə tanış olublar.Azərbaycan tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırılıb.
Könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun təşkilatçılığı ilə 16 ölkədən Lahıca gəlmiş “Yay məktəbinin” nümayəndələri ilə də görüşmüşlər. Multikulturalizm məktəbinin iştirakçıları “Həmrəylik düşərgəsi”ni gəzmiş, multikulturalizm dəyərləri ilə bağlı könüllülərə fikir mübadiləsi aparmışlar. Görüşdə müxtəlif xalqların musiqisi canlı ifa edilib, “Məhəbbətin qənimi” tamaşası izlənilib.
Düşərgənin beşinci günü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirakçılarla görüşüb, layihənin yüksək səviyyədə icra olunduğunu bildirib.Müzakirə və könüllük fəaliyyəti barədə diskussiya aparılıb.
“Həmrəylik düşərgəsi”nin bağlanış mərasimində “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov, “ASAN School” təcrübə məktəbinin rəhbəri Cahangir Hacıyev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nadir Adilov, Dövlət Sərhəd Xidmətinin Polkovniki Elşən Rəhmanov, Lahıc Bələdiyyəsinin sədri Rövşən Əliyev çıxış edərək, son 5 günün xoş xatirələrindən danışıb, layihəni uğurla başa vurduqları üçün iştirakçıları təbrik ediblər.
Daha sonra iştirakçılara düşərgənin təşəkkürnaməsi, həmçinin tərəfdaş təşkilatlar tərəfindən sertifikatlar təqdim olunub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.