“BakuBus”ın 163 sürücüsü məsuliyyətə cəlb olunub
27-07-2016, 15:40
“BakuBus” daxil olan hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar həyata keçirilir. Belə ki, *4242 qaynar xəttinə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli, işin daha da səmərəli təşkil olunmasına imkan yaradır”.
Bu sözləri Modern.az saytına “BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev deyib.
O qeyd edib ki, daxil olan müraciətlərdə marşrut xətləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə bağlı şikayət edən, itmiş əşyalarla bağlı, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir:
““BakuBus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işimizi xeyli asanlaşdır. Əgər şərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür”.
M.Piriyev bildirib ki, 2015-ci ilin sentyabr ayından bu günədək məsuliyyətə cəlb olunan sürücülərin statistikasını açıqlayıb: “Sərnişin müraciətləri, digər aşkar olunmuş nizam-intizam və digər qayda pozuntiları əsasında 163 nəfər sürücü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli töhmət) cəlb olunub.
59 nəfər sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub. Bundan əlavə göstərilən dövr ərzində 65 nəfər sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 nəfər sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub.
Daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar olunub. Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə bağlı olur.
Məsələn, “qapını döydüm sürücü açmadı”, “pəncərəni açmaq istədim sürücü icazə vermədi”, “avtobusda temperatur çox aşağıdır yaxud istidir”, “kondisoneri sürücü qoşmad”ı və yaxud “avtobus gec gəldi”. Təbii ki, bütün müraciətlərə aydınlıq gətirilir”.
Qurum rəsmisinin sözlərinə görə, avtobusun gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında , xüsusən 8.30 – 900 radələrində daxil olur: “Bu müraciətlərin də araşdırılması zamanı aydın olur ki, əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki, hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir. “BakuBus” həmişə olduğu kimi gələcək fəaliyyətində də daxil olan müraciətləri və sərnişin məmnunluğunu daim diqqət mərkəzində saxlayacaq”.