Bakıda yol polisini döyənlərin sirri açıldı - VİDEO

14-08-2016, 09:31           
Bakıda yol polisini döyənlərin sirri açıldı - VİDEO
Həmin ərazidə yaşayan bir neçə sakin sərxoş halda tutulub cərimələndiyi üçün yol polisindən qisas alıblar Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Suraxanı rayonu Zığ qəsəbəsində polis əməkdaşının iştirakı ilə baş verən qəzanın videoçarxı yayılıb. Kadrlardan məlum olub ki, 99 YP 288 nömrə nişanlı YPX avtomobili piyadanı vurub. Bir neçə yerli sakin isə hadisəni törədən polisə təzyiq göstərərək onu döyüb. teref.az saytı xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, yol polisi həmin vaxt xidmətdə tək olub. Ərazidə təxminən saatda 20 km sürətlə hərəkət edirmiş. Bu zaman sakinlərdən biri qəflətən yola çıxaraq özünü maşının üstünə atıb və yerə yıxılaraq hay-küy salmağa başlayıb. Polis əməkdaşı həmin şəxsə kömək etmək üçün maşından düşdükdə bir neçə qadın və kişi polisə hücum çəkib.

Qadınlar onun bədəninin və üzünün müxtəlif yerlərinə xəsarət yetiriblər və cırmaqlayıb ağır xəsarətlər yetiriblər. Bundan əlavə, kişilərdən də bir neçəsi polisi yumruq və təpiklə vurublar. Bütün bunlar sakinlər tərəfindən lentə alınıb. Lakin maraqlıdır ki, hadisə avqustun 4-də baş versə də, sakinlər videonu avqustun 12-də yayıblar. Özü də onlar videonu tam yox, özlərinə sərf edən şəkildə yayıblar. Belə ki, polisə ağır işgəncələrin verildiyini əks etdirən görüntülər silinib. Amma bütün bunların hamısı DYP avtomobilindəki kameranın yaddaşına həkk olunub. Həmin görüntülərdə yol polisinə qarşı vəhşilik edənlərin davranışları, onu ağır söyüşlərlə təhqir edib xəsarətlər yetirməsi tam əks olunub.

Qeyd edək ki, polis əməkdaşı hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur. Onun bədənində ağır xəsarət izləri var. Yol polisinin vurduğu piyadaya isə həkim müayinəsindən sonra «heç bir xəsarət yoxdur» diaqnozu qoyulub. Əldə etdiyimiz məlumata görə, sakinlərin yol polisinə qarşı bu cür vəhşi münasibətinin kökündə başqa səbəb var imiş. Belə ki, yol polisləri son günlər həmin ərazidə bir neçə nəfəri sərxoş halda avtomobil idarə edərkən saxlayaraq cərimə ediblər. Bundan hiddətlənən sakinlər yol polislərini qorxutmaq, bu əraziyə gəlmələrinə əngəl olmaq üçün plan qurublar. Onların planı polisləri döymək olub. Lakin bunu elə düşünüblər ki, polis maşından düşsün. Bunun üçün də sakinlərdən biri özünü polis maşınına çırpandan sonra yerə sərilib. Polis əməkdaşı ona kömək etmək üçün maşından düşən kimi hücuma məruz qalıb.

Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da bildirib ki, hadisənin necə baş verdiyini əks etdirən görüntülər var və orada qəsəbə sakininin xidmətdə olan polis əməkdaşının işinə süni mane olmaq üçün bilərəkdən irəli atma hərəkəti edərək özünü polis maşınına vurması, daha sonra yerə yıxılması əksini tapıb. Hadisədən dərhal sonra qəsəbə sakinləri tərəfindən polis əməkdaşına qarşı aqressiv hərəkətlər edilib. “Polis əməkdaşı ciddi xəsarətlər alıb, hazırda hospitalda yatır. Polis maşınına da ciddi zədə dəyib – arxa şüşə sındırılıb, kapot əzilib. Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Artıq 7 nəfər saxlanılıb”.

[media=https://www.youtube.com/watch?v=fBcQnRjQrqw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.