R Lənkəranski xəstəxanaya gətiriləndə bədənində 20-yə yaxın güllə yarası olub

18-08-2016, 19:52           
R Lənkəranski xəstəxanaya gətiriləndə bədənində 20-yə yaxın güllə yarası olub
Rövşən Lənkəranskinin (Canıyev) İstanbulda öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İstanbulun Florence Nightingale Xəstəxanasından APA-nın Türkiyə bürosuna verilən məlumata görə, avqustun 17-də gecə saat 00:30 radələrində xəstəxanaya taksi sürücüsü tərəfindən üstündə heç bir sənədi olmayan naməlum şəxs gətirilib.

Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. 20 dəqiqə ərzində həkim müdaxiləsi olsa da, onu xilas etmək mümkün olmayıb.

Daha sonra polis əməkdaşları onun ölkəyə Rövşən Əliyev adı ilə daxil olduğunu müəyyənləşdirib.

R. Lənkəranski xəstəxanaya yerləşdirilərkən bədənində 20-ə yaxın güllə yarası olub.

Prokurorluq əməkdaşları hadisəyə cəlb olunub və R. Lənkəranskinin güllə yaralarından öldüyünə şübhə qalmadığına görə onun nəşinin Məhkəmə Tibbi Ekspertizasına göndərilməsi zəruri sayılmayıb. Mərhumun qohumları da bu qərarla razılaşıblar.

Hazırda R. Lənkəranskinin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür və müvafiq sənədlər hazırlanır.

Sənədlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsdiqlənəndən sonra cənazə ölkəyə gətiriləcək.

R. Lənkəranski ilə birlikdə maşında olmuş digər şəxs isə hazırda İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində polis nəzarəti altında saxlanılır.

Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.