Çovdarov özünə köməyi köhnə qurbanlarının yanında axtarır
29-08-2016, 20:26
Keçmiş MTN-dəki cinayətkar dəstənin ən qorxulu və amansız rəhbərlərindən biri olan Akif Çovdarov, boğulan saman çöpündən yapışan kimi Azərbaycan hökumətinə düşmən olan Meydan TV-dən yapışıb.
Məhz Emin Millinin və onun kimi cəmiyyətdən, sosial mühitdən qopub uzaq düşən digərlərinin ruporu olan bu TV Almaniyadan Gürcüstan azərbaycanlılarının MTN cəlladının "hüquqlarının müdafiəsinə" çağıran anonim bəyanatını yayıb.
Bəli, bu gün Azərbaycan hökumətinə qarşı barışmaz müxalifətdə olan Meydan TV Gürcüstanın azərbaycanlı ziyalılarının nümayəndələri adından Çovdarovun müdafiəsi ilə bağlı məktub yayıb.
Azərbaycan Respublikasının Prezidentinə ünvanlanan məktubda Çovdarov haqqında mediada dərc olunan yazıların onları "qıcıqlandırdığından” narazılıq edilir.
Məktubda, həmçinin deyilir ki, Çovdarov Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllində köməklik göstərib və onları İlham Əliyevə dəstək verməyə çağırıb.
Xatırladaq ki, vətəndaş cəmiyyəti fəallarına, müxalifət və QHT üzvlərinə qarşı ən böyük və sərt cəza, basqı əməliyyatlarını bir qayda olaraq məhz A.Çovdarov həyata keçirib. Və bu cəlladı müdafiə edən anonim məktubun müxalifət KİV-ində yayılması təkcə Çovdarovun yox (bir qatil və quldurdan nə gözləyəsən?!), həm də yalançı, əldəqayırma müxalifətin hansı əxlaqa malik olduqlarını əyani şəkildə xarakterizə edir.
Virtualaz.org