Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 11:02

Şəmkirdə dəhşətli cinayət hadisəsi baş verib. 24 yaşlı şəxs 9 və 10 yaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Ailəsi uşaqlarını həmin şəxsə baxması üçün əmanət edibmiş.
Musavat.com xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
2001-ci il təvəllüdlü Qafar (ad şərtidir) qonşuları olan iki azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Həmin qızlar bacı olub.
Məlumata görə, həmin şəxs qonşuları olan ailənin uşaqlarına baxmaq adı ilə onlara gedən zaman uşaqlara qarşı əxlaqsız hərəkətlər edib. Uşaqların valideynləri işə gedərkən iki qızlarını və azyaşlı iki oğlan övladlarını ona əmanət ediblərmiş.
Hadisənin üstü isə qonşuluqda olan şəxsin evə gələn zaman gördüyü mənzərə ilə açılıb. Qonşu gördüklərini uşaqların atasına danışıb. Uşaqların atası Qafarın evinə gedərək onu döyüb. Qafar uşaqların atasının əlindən qaça bilib. Bir neçə saat sonra uşaqların atası kənd ərazisində Qafarı taparaq onu yenidən döyüb, başında şüşə butulka sındırıb. Qafar yenə də qaçmağı bacarıb. Bu dəfə onu polis tapıb.
Qafar zərərçəkmiş qızların və şahidin ifadəsi əsasında məsuliyyətə cəlb edilib. Qafar özünü qismən təqsirli bilərək deyib ki, azyaşlı bacılardan birinə qarşı əxlaqsız hərəkət edib və əməlindən peşmandır. O, hərkəsdən üzr istəyərək bağışlanmasını xahiş edib.
Zərərçəkmiş qızların atası məhkəmədə ifadə verən zaman Qafarı bağışladığını, lakin ona cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Məhkəmənin hökmü ilə Qafar 15 il müddətinə azadlıqdan məhrum edilib.