"Azəriqaz" Ucar sakininin şikayətinə aydınlıq gətirdi - Rəsmi cavab
2-07-2015, 17:52
Dünən Mia.az-da ""Azəriqaz"in əməkdaşları sayğaca müdaxilə edib? - Şikayət" başlığı ilə yayımlanan yazıya "Azəriqaz”san cavab gəlib.
"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a göndərilən rəsmi cavabda bildirilir ki, "Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Ucar Xidmət Sahəsində qaz təsərrüfatı ilə bağlı aparılmış yoxlama zamanı Ucar rayonu Gəraybəyli kəndində Məmmədov Nadir Əzizoğluna məxsus mənzilin qaz xətti üzərində quraşdırılmış BKG-4T 4564981 saylı üst göstəricisi 8333 m3 olan Elster tipli mexaniki qaz sayğacına müdaxilə edilib:
"Mütəxəssislərimiz tərəfindən vizual baxış zamanı sayğacın üst panelinin sayğacdan aralanması və Dövlət zavod plombunun kəsilməsi aşkarlanmışdır. Bununla bağlı həmin mənzildə yaşayan Məmmədov Nadir Əzizoğlunun bacısı oğlu Həmidov Samir Tarif oğluna sayğacın yararsız halda olduğu göstərilərək müvafiq qaydada aktlaşdırılmış və sayğacın dəyərinin ödənilməsi barədə məlumat verilmişdir. Adıçəkilən şəxs tərəfindən Azərbaycan Beynəlxalq Bankına istehlakçı Məmmədov Nadir Əzizoğlunun adına 95 (doxsan beş) manat sayğacın dəyəri ödənilmişdir. 16 iyun 2015-ci il tarixdə Ucar XS-nin məsul işçiləri tərəfindən Həmidov Samir Tarif oğlunun iştirakı ilə sayğac yenisi ilə əvəzlənmiş, 22 iyun 2015-ci il tarixdə isə"Təbii qazdan istifadə qaydalarının” pozulması haqqında 095259 saylı akt tərtib edilərək mənzildəki qaz cihazları qeydiyyata alınmışdır.
Yuxarıda qeyd olunan akt əsasında istehlakçıya itirilmiş qazın bərpası məqsədiylə 115,20 (biryüz on beş manat 20 qəpik) dəymiş ziyan hesablanmışdır.
Onu da qeyd edək ki, istehlakçı vaxtlı-vaxtında istifadə etdiyi təbii qazın dəyərini tam ödəmədiyindən və son ödəniş 28 mart 2015-ci iltarixdə olduğundan onun hesabında 106.30 (bir yüz altı manat 30 qəpik) borc yaranmışdır. Hal-hazırda yaranmış borcla və itirilmiş təbii qazın bərpasına görə dəymiş ziyanla birlikdə istehlakçının hesabında 221.50 (iki yüz iyirmi bir manat 50 qəpik) debitor borc yaranmışdır”.