Bakıda polis qadını xilas edərkən boğuldu - 40 gün əvvəl ata olmuşdu
4-07-2015, 12:35
Bakıda polis əməkdaşı dənizdə batıb.
APA TV xəbər verir ki, batan şəxsin polis əməkdaşı olduğu üzə çıxıb. Məlumata görə, o, Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğludur. Çavuş vəzifəsində çalışan Zaur Nurəliyev Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan ər və arvadı xilas etməyə çalışıb. O, qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb.
FHN-dən verilən məlumata görə, polis əməkdaşının axtarışları davam etdirilir.
***
Oxu.az-ın əldə etdiyi məlumata görə, dənizdə Batan Zaur Nurəliyev İsmayıllı rayonunun Buynuz kəndindəndir.
Onun cəsədi artıq sudan çıxardılaraq, dəfn edilmək üçün doğulduğu rayona aparılıb.
Bildirilir ki, vətəndaşlar küləkli havada dənizdə çimərkən boğulmağa başlayıblar.
Öz növbəmizdə qeyd etmək istərdik ki, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız çimmək qadağan olunan hava şəraitində də suya girməkdən çəkinmirlər və belə hallar insan ölümü ilə nəticələnir.
Onu da əlavə edək ki, dənizdə boğulan Zaur Nurəliyev 40 gün əvvəl ata olmuşdu.