Avropa Liqasının III təsnifat mərhələsi cavab qarşılaşmasında “Qəbələ”nin kapitanı Cavid Hüseynov zəfəri Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vuraraq qeyd etməsi Türkiyə mətbuatında böyük marağa səbəb olub.
ANS PRESS-in məlumatına görə, Türkiyənin nüfuzlu xəbər agentlikləri NTV, Hürriyet, Milliyet, TRTSpor və digərlərində Cavid Hüseynovun jesti haqqında xəbərlər yerləşdirilib.
“Qəbələ” - “Apollon" matçı zamanı Türkiyə və Şimali Kipr Türk Respublikasına dəstək şüarları səsləndirilib. Cavid Hüseynov qələbədən sonra Azərbaycan və Türkiyə bayraqları ilə stadionda dolaşıb.
"Bakcell Arena"da keçirilən oyunda bir qol vurulub. 80-ci dəqiqədə penaltidən fərqlənən Cavid Hüseynov "Qəbələ"yə qələbə qazandırıb.
Son dəqiqədə Ürfan Abbasov qırmızı vərəqə alsa da, rəqib say üstünlüyündən yararlana bilməyib. Beləliklə, ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının "pley-off" mərhələsinə çıxıb.