Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA

9-11-2024, 16:24           
Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, AQTA tərəfindən verilən Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.

Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir.

Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.

Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.

Bəzi ekspertlər bu addımın dönər biznesi sahəsində monopoliyaya gətirib çıxaracağından narahatdır. Bəs bu nə dərəcədə gözləniləndir?

Modern.az mövzu ilə bağlı ekspertlərin rəylərini öyrənib.

Deputat Razi Nurullayevin fikrincə, bu sahədə monopoliya yoxdur:

“Qaydaların sərtləşdirilməsinə gəldikdə isə zaman-zaman dönər və küçədə satılan fast-food məhsullarından zəhərlənmə halları baş verir. İnsanlar bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlarını bildirirlər. O baxımdan bütün dünyada küçədə satılan qida məhsulları ilə bağlı standartlar mövcuddur. O standartlar da olduqca sərtdir. Bu da insanların sağlamlığını qorumaq üçündür. Mənə elə gəlir ki, bu sahədə qaydaların sərtləşdirilməsi heç də monopoliyaya gətirib çıxarmayacaq. Bu kiçik bir biznesdir, burada monopoliya olması inandırıcı deyil. Amma belə faktlar varsa, təbii ki, yolverilməzdir".

Qida eksperti Fərid Səfərov bildirib ki, qida məhsullarının hazırlanması, satışa çıxarılması barədə müəyyən standartlar tətbiq olunur:

"Bunlar xammalın əldə olunması, gigiyenik normalara uyğun çatdırılıb saxlanılması, təhlükəsiz şəkildə istehsal edilib satışa çıxarılmasından tutmuş bir neçə sahəni əhatə edir. Təbii ki, burada əsas məqsəd insanların təhlükəsiz şəkildə qidanı əldə etməsi, sağlam şəkildə qidalanması və bu sahənin inkişafına yönəlib. Müxtəlif iaşə obyektlərində də bu standartlar mütləq şəkildə tətbiq olunmalıdır".

Ekspertin sözlərinə görə, təkcə böyük restoranlarda yox, kiçik dönərxanalarda da bu standartların tətbiqinə mütləq şəkildə nəzarət olunmalıdır ki, sonradan tez-tez eşitdiyimiz zəhərlənmə və ölüm halları baş verməsin:

"Qida çox ciddi məsələdir. Onu hazırlayarkən də bütün qaydalara əməl olunmalıdır. Bu sahəyə çox ciddi nəzarət hər zaman vacibdir. Hər kəs öz süfrəsindən başlayaraq maariflənməyə başlasa, tətbiq etsə və sağlam seçimlər etsə, düşünürəm ki, bu sahədə nəsə irəliləyiş əldə etmək mümkündür".

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu standartların qəbul edilməsi monopoliyaya gətirib çıxarmayacaq:

“Qida sahəsində fəaliyyət göstərən şəxslər qida təhlükəsizliyi standartlarına cavab verməlidirlər. Dönər sahəsində monopoliyanın olması çox real deyil, çünki bu biznesin açılması çox ciddi investisiya tələb etmir. Ona görə də bu sahədə atılan addımlar hansısa monopoliya yaratmayacaq. Amma bu standartlar dönər qiymətlərini artıra bilər. Bu standartlara uyğunlaşmaq, nəzarət edilməsi dönərçilərin xərcini artıracağı üçün qiymətlərdə artım görə bilərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.