Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Bu gün, 00:01
Astanada Azərbaycan səfirliyi tərəfindən Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət amili” kitabının təqdimatı keçirilib.
Kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında ərsəyə gəlib.
Layihənin rəhbəri və kitabın giriş sözünün müəllifi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elmi redaktoru isə tarix elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Kərim Şükürov olub.
Nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən lider kimi rolundan bəhs edilir.
Kitabda Ali Baş Komandan İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılır, İkinci Qarabağ müharibəsi illərində qələbə və diplomatiya salnaməsi tədqiq edilir.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bütün həmvətənlərimizi 8 Noyabr - Zəfər Günü, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
O qeyd edib ki, kitabı Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyi hesab etmək olar. O, diqqətə çatdırıb ki, kitabda Prezidentin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən Müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən bəhs edilir.
Kitabın təqdimatına AMEA Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev moderatorluq edib. “Bu kitab üzərində iş əslində 44 günlük müharibə bitdikdən sonra başlayıb və 2021-ci ildə qələbənin ildönümündə nəşr olunub. “Kitabın ərsəyə gəlməsində təkcə tarixçilər deyil, həm də dövlət xadimləri iştirak ediblər”, - deyə o bildirib.
Azərbaycanın yaxın dostu, şair, yazıçı, ictimai xadim Oljas Süleymenovun adından UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin elmi işçisi Bekzat Smaqulov çıxış edib.
Tədbir çərçivəsində Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi illərində dünya mətbuatına müsahibələri, Azərbaycan və Qazaxıstan rəhbərləri tərəfindən Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin açılışına və Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına həsr olunmuş videomateriallar nümayiş etdirilib.