10 noyabr 2020-ci il Bəyanatı regionun daha sabit və firavan sabahına olan inamı artırır

8-11-2024, 12:20           
10 noyabr 2020-ci il Bəyanatı regionun daha sabit və firavan sabahına olan inamı artırır
2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə Bəyanat imzalamaqla 44 günlük Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Müharibə günlərində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi, həm də Ermənistanın havadarlarına bir mesaj oldu. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək. İki qardaş ölkə arasında ictimai-siyasi müstəvidə də əməkdaşlıq uğurla inkişaf etməkdədir.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində, eləcə də Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyma və digər tədbirlərdə iştirakı bunun bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq.
Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.


Fuad Heydər - YAP Səbail rayon təşkilatının əməkdaşı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.