Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir – WSJ
9-11-2024, 18:40
“Rusiya hakimiyyəti böyük neft şirkətlərinin birləşdirilməsi planı üzərində işləyir. Bu müddət ərzində dövlət “Rosneft”, “Qazprom Neft” və “Lukoil”i birləşdirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ötən aylarda neft şirkəti rəhbərliyi ilə rəsmilər arasında danışıqlar aparılıb:
“Müzakirələr Putinin hərbi xərcləri dəstəkləmək üçün enerji sektoruna söykənmək planlarını göstərir. Rusiya prezidenti Səudiyyə Ərəbistanı ilə rəqabət apara biləcək nəhəngi təsəvvür edir. Bundan əlavə, birləşən şirkət Qərbin sanksiyalarına daha effektiv müqavimət göstərə biləcək. Lakin bu planlar reallaşarsa, nəticədə ortaya çıxan şirkət Səudiyyə “Aramco”dan sonra dünyada ikinci ən böyük xam neft istehsalçısı ola bilər və onun hasilat həcmi Amerika “Exxon Mobil” şirkətininkindən üç dəfə çox olacaq. Bu, Rusiyaya əsas bazarları olan Hindistan və Çindən olan müştərilər üçün qiymətləri qaldırmağa imkan verəcək”.
Nəşr qeyd edib ki, “Rosneft”in rəhbəri İqor Seçin danışıqlarda mühüm rol oynayır, lakin onun nəticədə ortaya çıxan şirkətə rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Bu vəzifəyə digər mümkün namizəd kimi “Qazprom Neft”in baş direktoru Aleksandr Dyukovun adını çəkib.
“Rosneft” nümayəndəsi nəşrin məlumatını yalan adlandırıb. “Lukoyl” danışıqları inkar edir. “Qazprom Neft” şərh sorğusuna cavab verməyib.