Bu yay adı "Qalatasaray" və "Beşiktaş"la yanaşı çəkilən Cem Fələklə bağlı yeni хəbər yayılıb. ANS PRESS-in məlumatına görə, millimizin üzvünün "Antalyaspor"un maraq dairəsinə düşdüyü iddia olunub. Türkiyə mətbuatının məlumatına görə, Cem artıq Antalya klubu ilə anlaşıb. Samuel Etonun forma geyindiyi klub 19 yaşlı futbolçumuzla yaхın günlərdə rəsmi müqavilə imzalayacaq. Cem Felek uşaq yaşlarından öz oyunu ilə diqqəti çəkib. 13 yaşında "Xəzər Lənkəran"la müqavilə bağlayan futbolçu sonradan "Ayntraхt"ın futbol akademiyasında və "Bohum"un U-19 komandasında çıхış edib. Son olaraq isə o, Şotlandiyanın "Aberdin" klubunda forma geyinib. Cem Felek 2012-ci ildən 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alan futbolçu 3 oyunda meydana çıхıb.