“Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir” - Oqtay Əsədov
14-10-2015, 20:35
Milli Məclisin 2016-cı ildə xərclər smetası 2 milyon 745 min 955 manat təşkil edəcək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin 2016-cı il xərclər smetasının müzakirəsi zamanı parlamentin işlər müdiri Firidun Hacıyev deyib. Onun sözlərinə görə, bu, 2015-ci illə müqayisədə 1 milyon 61 min 189 min manat azdır. Şöbə müdiri bildirib ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb.
Firidun Hacıyev sabiq deputatların bir illik əmək haqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini hökumətdən xahiş edib.
Spiker Oqtay Əsədov isə ona bildirib ki, çıxışında xərclərin nəyə sərf olunması ilə bağlı daha geniş izahat verməli idi:
“Elə biləcəklər ki, Milli Məclis kefindən yeməkxana tikir, axır illərdə 50 kvadrat metrlik yerdə Milli Məclisin işçiləri üç növbədə nahar edirdilər.
Çox sağ olsunlar, bunu nəzərə aldılar. Maşınlar Milli Məclisin həyətində sıxlıq yaradırdı. Bunun üçün də avtodayanacaq tikildi”.