Həsənovun komitəsi ləğv olunur - daha bir iri məmur işsiz qalacaq
9-01-2016, 12:54
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunur. Bu barədə Qaynar.info-ya etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbələrimizin bildirdiyinə görə, hələ ötən ilin ortalarından başlayaraq, Ramiz Həsənovun rəhbərlik etdiyi komitədə çoxsaylı ixtisarlar aparılıb. “Həmin vaxt bu ixtisarların sözügedən qurumun ləğvi ilə yekunlaşacağına dair iddialar dolaşırdı. Onda belə iddialar təkzib edilsə də, əslində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi an məsələsidir” deyə məlumatda vurğulanır.
Qaynaqlarımız sözügedən qurumun səlahiyyətlərinin əsasən İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcəyini də bildiriblər.
Xatırladaq ki, R. Həsənovla iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında uzun müddət “soyuq savaş” hökm sürüb. Buna səbəb iki qurumun müəssisələrdə yoxlamaların aparılması ilə bağlı səlahiyyətləri bölüşdürə bilməməsi olub. Daha doğrusu, həm adıçəkilən komitənin, həm də sözügedən nazirliyin yoxlamalarla bağlı oxşar funksiyaları onları zaman-zaman qarşı-qarşıya gətirib.
Son zamanlar nazirliklə komitə arasında “açıq savaş” səngisə də, əgər Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi və onun səlahiyyətlərinin əsas hissəsinin İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcəyi barədə məlumatlar təsdiqlənərsə, bu məlum soyuq savaşdan Şahin Mustafayevin qalib çıxdığı və Ramiz Həsənovun işsiz qalacağı anlamına gələcək.