Məgər Qarabağın əl-ayağı var, özü-özünü qaytarsın?
5-03-2016, 19:46

Görəsən, son vaxtlar Suriyaya fəal hərbi-siyasi müdaxiləsi ilə regionda və dünyada mövqelərini möhkəmlədən və rəsmi nümayəndələrini dalbadal Azərbaycana göndərən Rusiya işğal altındakı torpaqlarımız barədə hansı planları qurur? Bu mövzuda söhbətləşdiyimiz tanınmış siyasi analitik Tahir Cəfərlidən maraqlı cavablar aldıq:
- Qarabağın azad olunub-olunmaması yenə də Rusiyanın əlində qalacaq. Qərb isə Azərbaycana görə Ermənistandan üz döndərməyəcək. Öz növbəsində Rusiya “İŞİD”ı aradan götürəndən sonra qüdrətli dövlətə çevriləcək və Qarabağ məsələsinin sülh yolu ilə həlli problemi bundan sonra olmayacaq...
- Məgər biz özümüz Qarabağı azad edə bilmərikmi?
- İndiyədək Qarabağı 10 dəfə ala bilərdik. Ancaq bu şərtlə ki, biz hamımız desəydik ki, gedirik Qarabağı azad etməyə... Biz isə deyirik: “Allah qoysa, Qarabağ geri qayıdar, biz də vətənə qayıdarıq”. Məgər Qarabağın əl-ayağı var, özü-özünü qaytarsın, azad etsin? İndiki situasiyada bir şeydən arxayın ola bilərik: Rusiya Qafqazda genişmiqyaslı müharibəyə icazə verməyəcək. Çünki belə bir müharibədə təsadüfən İrəvandakı Atom Elektrik Stansiyası partladılsa, nə Ermənistandan Ermənistan, nə Türkiyədən Türkiyə, nə də İrandan İran qalar.