Nazirlik rəsmisinin yalanı açıldı: İlan sancmasından 1 nəfər ölüb
4-06-2016, 19:04
Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şıbəsinin müdiri Azər Maqsudov bir neçə gün öncə builki ilan sancmaları ilə bağlı məlumat verib. Onun sözlərinə görə, aprel-may ayarında ilan sancması ilə bağlı 19 müraciət daxil olub: “Onlardan 11 xəstə qəbul edilib. Yerdə qalan 8 nəfəri ilan dişləsə də, müayinə zamanı zəhərlənmə aşkarlanmadığından evlərinə göndəriliblər”.
Şöbə müdiri elə həmin açıqlamasında qeyd edib ki, ilan sancmaları zamanı ölüm halı baş verməyib. Modern.az-ın araşdırması zamanı məlum olub ki, Azər Maqsudov yanlışlığa yol verib. Bu il mayın 10-da Qax rayonu, Qıpçaq kənd sakini, 57 yaşlı Qəhrəman Qasımovu kənd ərazisində qoyun otararkən ilan sancıb. O, əvvəlcə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsində Qəhrəman Qasımova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün həkim nəzarəti altında Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə göndərilib. O, mayın 11-də elə həmin mərkəzdə ölüb.