"Nvidia"nın rəhbəri: "Al infrastrukturuna 3-4 trilyon dollar xərcləmə olacaq"
Bu gün, 00:19

"Nvidia" şirkətinin baş direktoru Censen Huan süni intellekt (Al) çiplərinə yönələn sərmayələrin azalacağı ilə bağlı narahatlıqları rədd edərək, qarşıdakı beş ildə bazarın çoxtrilyon dollarlıq həcmə çatacağını bildirib.
Valyuta.az xəbər verir ki, sərmayəçiləri sakitləşdirməyə çalışan Huan deyib: "Yeni bir sənaye inqilabı başladı. Süni intellekt yarışı artıq başlayıb".
O, onilliyin sonuna qədər 3-4 trilyon dollar həcmində süni intellekt infrastrukturuna xərcləmə gözlədiyini vurğulayıb və əlavə edib: "Nə qədər çox alırsınızsa, o qədər çox böyüyürsünüz".
Bu açıqlama, süni intellekt yönümlü səhmlərdəki zəifləmə əlamətləri və bazarın həddindən artıq qızdığı barədə digər sektor rəhbərlərinin xəbərdarlıqları ilə ziddiyyət təşkil edir. "OpenAI" rəhbəri Sem Altman da sərmayəçilərin AI sahəsində “həddindən artıq həyəcanlı” ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
"Raymond James Investment Management" analitiki Mett Orton bildirib ki, "Nvidia"nın faydalandığı kapital qoyuluşlarını əsasən mega şirkətlər həyata keçirir. Bununla belə, şirkət hələ də böyüməkdə və satış imkanlarını qorumaqdadır.
"Globalt Investments" portfel meneceri Tomas Martin isə "hiperskaler" adlanan iri məlumat mərkəzi sahiblərinin açıqladığı sərmayələrin, süni intellektdə partlayışın hələ erkən mərhələdə olduğunu göstərdiyini söyləyib.
Huan proqnozunu qismən "Microsoft" və "Amazon" kimi nəhəng müştərilərin bu il məlumat mərkəzlərinə ayırdığı 600 milyard dollarlıq büdcəyə əsaslandırır. Onun sözlərinə görə, dəyəri 60 milyard dollar olan bir məlumat mərkəzindən "Nvidia" təxminən 35 milyard dollar gəlir əldə edə bilər. Huan əlavə edib ki, son rübdə Çin bazarı üçün istehsal olunan aşağı güclü H20 çipindən Çin xaricindəki bir müştəri 650 milyon dollarlıq sifariş verib.