Xəstənin dilçəyini kəsən “Premium Clinic” və baş həkimdən dəhşətli – Faktlar
24-02-2018, 09:40
Ötən il dekabrın 26-da Astara sakini Nurlan Mahmudovun boğaz əti yerinə dilçəyini kəsən və həyatını təhlükəyə atan, litrlərlə qan itirməsinə, 12 min manat zərər düşməsinə səbəb olan “Premium Clinic” tibb mərkəzində ilk belə həkim səhlənkarlığı deyilmiş.
► “Mənim pulum da var, “yuxarıda” adamım da”
AzEuroNews.com-un media üzərindən məlumatına görə, ötən il iyunda Bakı sakini Rzayev Yaşar Söydümalı oğlu həyat yoldaşı Mövsümova Aygün Mirədil qızı ayyarımlıq hamilə olduğunu öyrəndikdən sonra abort elətdirmək qərarına gəliblər.
“Qayınatam bizə dedi ki, mənim Həzi adlı tanışım var, onun həkim dostu var Nizami adında. Gedin onun yanına o sizə lazımi bütün köməkliyi edəcək.
“Premium Clinic” in baş-həkimi Nizami Vəliyev
Həmin bu Nizami adlı şəxs “Premium Clinic” klinikasının baş həkimi Vəliyev Nizami Əhməd oğludur. Klinikanın baş həkimi onu əməliyyat edib.
Ancaq qadında ağrılar başlayıb və ağrıkəsici iynələr də təsir etməyib. “Dobromed” klinikasında müayinədən sonra məlum olub ki, yenidən əməliyyat eləmək lazımdır:
“Çünksi əvvəlki əməliyyat böyrəklə sidik kanalını birləşdirən damar səhv kəsilib, indi biz komputer aparatı vasitəsilə həmin səhv kəsilən damarla sidik kanalına gedən damarı birləşdirəcəyik”.
“Saat 5-də Nizami həkim əməliyyat otağından çıxaraq dedi ki, bəs birinci əməliyyatda mənim səhvim olub üzrlü hesab eləyin, amma ki narahat olmayın, Elxan həkim bu işin mütəxəssisidir, əməliyyat eləmişik, hər şey yoluna qoyulub. Kəsilən damarı da bərpa eləmişik”,-deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, yoldaşını götürüb qayıdıb rayona: “Qayıdandan sonra yenə ağrılar başladı, 20 gün ərzində iynə, dərman, ağrıkəsicilər vuraraq xəstəni birtəhər sakitləşdirdik. Sonra xəstənin temperaturu qalxdı 40-41 dərəcəyə.
Təcili götürüb gəldik yenə “Premium” xəstəxanasına. Nizami həkim yox idi orada, zəng elədik ki, bəs biz gəlmişik bura, xəstənin temperaturu qalxıb 40-41 dərəcəyə. Nizami həkim dedi ki, mən Gədəbəydə istirahətdəyəm, siz gedin “Dobromed” klinikasına Elxan həkimin yanına.
Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, orada uroloq İlqar həkim var, onun yanına getdik.
Analizlərin, yoxlamaların nəticəsi olaraq bizə bildirdilər ki, edilən bütün əməliyyatlar mənasız yerə edilib, cavan qadının orqanlarını pis günə qoyublar. Halbuki, müalicə ilə həll olunası məsələlərdi bütün bunlar.
Qayıdıb ona dedik ki, sizdən şikayət edəcəyik, Respublika Prokurorluğuna, Səhiyyə Nazirliyinə.
Qayıdıb dedi ki, əlinizdən gələni beş qaba çəkin, mənim pulum da var, “yuxarıda” adamım da var. Siz mənə heç nə edə bilməzsiniz. Biz Nizami həkimlə dalaşıb çıxdıq oradan”. Şikayətçi prokurorluğa müraciət edib.
► 12 min manatlıq ziyan
N.Mahmudova gəlincə, “Premium Clinic”də burun-boğaz əməliyyatı olub. Əməliyyatı həkim Elçin Mahmudov aparıb. Elçin Mahmudov sözügedən klinika ilə bərabər, həmçinin 20 saylı poliklinikada çalışır.
Əməliyyatdan sonra Elçin Mahmudov “Premium” xəstəxanasının dəhlizində atası Mahmudov Tehrabdan əvvəlcə 1700 manat əməliyyat haqqı tələb edib.
Daha sonra 1100 manatla razılaşıb. Pulu cibinə qoyub, qardaşımı əməliyyat günü evə buraxıb. Ödənişlə bağlı “Premium” Klinikasından heç bir qəbz verilməyib.
Əməliyyatdan üç gün sonra burnundan tampon çıxarılıb və qanaxma kəsməyib. Xəstəni Lənkərandan Bakıya, Bakıdan İrana, İrandan təzədən Bakıya – Neftçilər Xəstəxanasına qədər gətiriblər.
Ərdəbil şəhərində müəyyən olunub ki, ilk əməliyyat zamanı “Premium” xəstəxanasının cərrahı boğaz ətini kəsərkən xəstənin dilçəyini də kəsib götürüb.
Yalnız burun anjosu (Transarterial Embolizasiya (Arterial damara daxil olaraq içəridən kəsilmiş damarları bağlamaq) deyilən üsulla bu fəsadı aradan qaldırmaq mümkündür.
Bütün bu baş vermiş hadisələrdən sonra həkim Elçin Mahmudov yalnız 1000 manat pulu (500-500 manat) geri qaytarmaqla məsuliyyətdən yayınmağa çalışır.
40 gün ərzində xəstənin və qohumlarının çəkdiyi qorxu və psixoloji sarsıntıları nəzərə almadan Elçin Mahmudov ən azından bizə dəyən 12 min manatlıq ziyanı ödəməli idi. Bu gün xəstənin səhhəti normallaşıb, amma həkimlər onu 1 il ərzində hər hansı bir yerdə çalışmağa qadağa qoyublar. Əks halda qanaxma yenidən başlaya bilər.
► Klinikada keyfiyyət yox, bahaçılıq var…
“Premium Clinic” MMC 24 aprel 2013-ci ildə təsis olunub. Təsisçi 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universiteti bitirmiş həkim-travmatoloq Nağıyev Mübariz Şəmistan oğludur.
Klinika Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 25 B ünvanında 6 mərtəbəli binada fəaliyyət göstərir.
Saytlarda yayılan xəbərlərə görə, “Premium Clinic”in reklamı güclü olsa da, burda əhaliyə göstərilən tibbi xidmət haqda eyni sözləri söyləmək mümkün deyil.
Səhiyyə müəssisəsi demək olar ki, hər cür tibbi avadanlıqlarla təchiz olunub. Lakin qiymətlər həddən artıq bahadır.
Göründüyü kimi, baş həkimin də, sıravi həkimin də əlində iki xəstə şikəst edilib və böyük xərclərdən, əzab-əziyyətdən sonra onların həyatı təhlükəsi sovuşub.
Tibb ocağının rəsmi saytında bəzi həkimlərin xaricdə müxtəlif kurslarda iştirak etdiyi göstərilib. Buna baxmayaraq, həmin şəxslərin işində kifayət qədər qüsurlar var. Dəfələrlə vətəndaşlara yanlış diaqnozlar qoyulub.
Sonradan həmin insanlar əlavə xərc çəkib xarici ölkələrdə müayinə olunmağa yollanıblar.
Klinikanın fəaliyyətindəki mənfi hallarla bağlı Səhiyyə Nazirliyinə saysız-hesabsız şikayətlər olunub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.