Ramil Usubova: “Bərdə DYP rəisi bizə “qan udurur”, dərimizi soyur...”
6-03-2018, 09:29
Bir qrup Bərdə sakini Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Onlar təzyiqlə üzləşməmək üçün adlarının çəkilməməsini xahiş ediblər.
Anaxeber.Az vasitəsi ilə nazirə üz tutan Bərdə sakinləri Rayon Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Anar Cəlilovun idarəçilik sistemindən yazıblar.
A.Cəlilov bundan əvvəl Tərtərdə yerləşən Şuşa polisində çalışıb. Amma onun gəlişi Bərdə üçün qara gün kimi qeyd olunur.
Çünki DYP rəisi və əməkdaşları sürücülərə “qan uddurur”lar. Bərdədə DYP əməkdaşları tərəfindən sürücülərin yeri gəldi-gəlmədi saxlanması, sənədlərinin əlindən alınması, avtomobillərin cərimə meydançasına aparılması adi hala çevrilib.
Hər gün Bərdədə “reyd”ə çıxan yol polis əməkdaşları maşınları dayanma-durma hərəkətini pozma, sağdan ötmə əməliyyatı etmə və s. bəhanələrlər saxlayırlar.
Nazirə müraciət edən sürücülər bildirirlər ki, Bərdə Bakı kimi böyük şəhər deyil: “Bərdə bu cür yol hərəkət qaydaları sürücülər tərəfindən nadir hallarda pozulur. Ancaq DYP əməkdaşları günümüzü qara ediblər”.
Sürücülər deyirlər ki, onların DYP bölməsinə çağrılaraq “cərimə”lənməsi üçün yeni metodlar ixtira olunub:
“Çağırıb deyirlər ki, dünən içkili maşın idarə etmisən, görən olub, bizə məlumat veriblər.
Yəni, kiminsə məlumatı əsasında bir gün sonra “paxmel” sürücünü çağırıb “cərimələmək” analoqsuz qanundur.
Bu kimi qanunsuz, ağlasığmaz özbaşınalıqlar Anar Cəlilov DYP rəisi təyin olunduqdan sonra başlayıb. Bərdə də açıq-aşkar bazar yaradıblar”.
Anaxeber.Az tribunasından R.Usubova müraciət edən bir qrup Bərdə sakini rayonda “at oynadan” DYP əməkdaşının xüsusi fəaliyyətini qeyd ediblər.
Onların sözlərinə görə, YP 542 nömrə nişanlı polis avtomobilini idarə edən Qasımov Vasif sürücülərə “divan tutur”.
V.Qasımov adlı DYP əməkdaşının əlindən dad edən sürücülər bildirirlər ki, əsassız olaraq saxlanma halları onun tərəfindən daha çox qeydə alınır. Sürücülər tezliklə V.Qasımov barəsində ölçü götürülməsini xahiş edirlər.
Bundan başqa, "Şaqman” yük maşınlarının sürücüləri hər ay DYP rəisinə ödəniş edirlər. Hətta göyərti daşıyan sürücülər də A.Cəlilovla hesablaşmalıdır.
A.Cəlilov MMX cərimələrini ödəməyən sürücüləri öz bildiyi şəkildə "yol verir”. DYP rəisinə ödənilən "cərimə” ilə dövlətə ödəniləcək cərimədən müvəqqəti xilas olan sürücülər arxayınlaşırlar.
Hazırda V.Qasımov tərəfindən sürücülər müxtəlif bəhanələrlə yollarda saxlanır, ilişdirilir, cərimələr tətbiq olunur.
“Cənab nazir, bizi Anar Cəlilov-Vasif Qasımov zülmündən xilas edin. Onların cibini doldurmaq üçün biz sürücülərin əlavə qazanc yerimiz yoxdur. Öz doğma rayonunda maşın sürməyə də qorxursan.
O saat başının üstünü kəsdirirlər, əsassız yerə cərimələyirlər, sənədləri bölməyə aparırlar, məcbur qalıb arxasınca gedəndə qeyri-rəsmi tələblər irəli sürülür. Bu da rayonda gərginliyə səbəb olur”,-deyə şikayətdə qeyd olunur.
Müraciətdə deyilir ki, həqiqətən sərxoş olan sürücülərə isə A.Cəlilov tərəfindən “bonus”lar təklif edilir: “Sərxoş tutulan sürücülərə rəis Anar Cəlilov yaxşı gəlir mənbəyi, yağlı tikə kimi baxır.
500-700 manat pul çıxarda bilir. Fərasət belə olur da. Azərbaycanda bu pulu qazanmaq üçün gərək birinci yaxşı vəzifən olsun. İkinci bu pulu qazanmaq üçün kipriyinlə od götürəsən.
Üçüncü nə gündüzün, nə də gecən olsun. Hey çalışasan. Bu pulu qazanmaq doğrudan çətindi.
Ancaq Anar Cəlilov bir fışdırığa, ya bir fitə bu pulu sərxoş sürücülərdən qamarlayıb ala bilir. Ona görə Bərdədə can alan avtoqəzalar artır.
Elə əsas məsələdə budur. Niyə DYP əməkdaşları təhlükələri önləmək yox, qəzalara şərait yaradıb,ondan sonra ortaya çıxırlar. Sonra nələr olur o da məlumdur.
İstintaq, izahatlar və təqsirkarın dərisini soyurlar. Hələ ondan da betər edirlər, canını alırlar. Deməli, qəzaların olması Bərdə rayon DYP-nin rəisi Anar Cəlilova lazımdır”.
Qeyd edək ki, A.Cəlilovun Şuşa polisində işlədiyi dövrdən Bərdədə kommersiya obyektləri işlədib.
Həmin iaşə obyektlərinə DYP rəisinin atası nəzarət edirdi. Bu müəssisələr arasında A.Cəlilova böyük gəlir gətirən sahələrdən biri aqlay sexidir. Bərdədəki aqlay sexinə A.Cəlilov özü nəzarət etməkdədir.
Müraciət müəllifləri R.Usubovun operativ reaksiyasını gözləyirlər. Buna səbəb A.Cəlilovun məşğuliyyəti deyil, rayonda hökm sürən vəziyyətdir.