DGK-nın son oyunu və Ermənistan bu oyundan necə qazanır?

6-03-2018, 09:51           

Bir müddət öncə Dövlət Gömrük Komitəsinin karqo şirkətlərinə qarşı genişmiqyaslı əməliyyat keçirdiyi barədə məlumat vermişdik.

Redaksiyamıza daxil olan yeni məlumatda iddia olunur ki, DGK-nin son dönəmlər həyata keçirdiyi əməliyyatlar, əslində, yerli biznesin inkişafına dəstək ola bilər. Bunu mətbuata açıqlamasında DGK rəsmiləri də sətiraltı etiraf edib: “Aparılan araşdırma zamanı məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslərin idxal etdiyi malların məhz onlara aid olduğunu iddia edərək, gömrük rəsmiləşdirilməsi prosesini də üzərlərinə götürür. Gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim edir ki, bu da vergidən yayınmaq deməkdir.”

Əslində, DGK-nin bu açıqlaması arxadan atılan daşa bənzəyir. Çünki karqo şirkətləri uzun illərdir bu kimi özbaşına fəaliyyətlə məşğul olur. Aydın Əliyevin rəhbərlik etdiyi DGK-ın məhz seçkilərdən sonra ləğv olunacığı ilə bağlı mətbuatda dolaşan informasiyalardan sonra qayda-qanunla işləmək rejiminə keçməsi, heç də təsadüf deyil. Məlumat üçün deyək ki, uzun illər Azərbaycana Türkiyədən gətirilən mallar əsasən 3 karqo şirkətinin inhisarında olub. Sirr deyil ki, bu şirkətlərdən Şah Karqoya Bakı Baş Gömrük İdarəsinin sədri Vüsal Novruzov, “Trans Broker” MMC-in sahibi Əbülfəz Məlikov və “Kitay Kargo” kimi tanınan “KLASSİK 2” şirkətinin sahiblərindən biri Şamil Heydərov rəhbərlik edir. İddialara görə, hər 3 monopolist şirkətinin arxasındakı güc Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub.

“Karqo bazarı”na yeni iddialıların olması (iddialılar arsında Bəylər Əyyubovun da adı hallandırılır), son nəticədə Türkiyədən Azərbaycana karqo vasitəsiylə yükgətirmələri tamamilə iflic edib. Hətta iş o həddə çatıb ki, Türkiyədən Rusiyaya daşınmaq üçün yola çıxan maşınlar üçün də daşıdıqları malın hər kiloqramına görə 1.2 dollar əlavə xərac qoyulub. Ehtimal olunur ki, son dönəmlər Şamil Heydərova yaxınlığı ilə tanınan şəxslərin mətbuata “karqolar üçün vergi artılıb” deməsi məhz bu “xərac”ın tətbiqi ilə bağlıdır.

Qeyd edək ki, tətbiq edilən 1.2 dollarlıq “xərac” sonrası Türkiyədən Azərbaycanı tranzit keçərək Rusiyaya yükdaşımaq tam əlverişsiz olub. Bu səbəbdən də, artıq Türkiyə şirkətləri məhsullarını Rusiya bazarına “Gömrük İttifaqı”na üzv olan düşmən Ermənistan vasitəsiylə daha sərfəli şərtlərlə daşıyır. Xatırladaq ki, Ermənistan “Azad Gömrük İttifaqı”nın üzvü olduğundan, ölkəsindən Rusiyaya daşınan məhsullara görə vergi tətbiq olunmur. Beləliklə, karqo şirkətlərinin torpaqbasdı və digər xırda vergi rüsumları, o cümlədən günlük yanacaq, otel, yemək kimi sözdə cüzi, əslində isə milyon dollarlıq sərmayəsi Azərbaycana deyil, düşmən Ermənistana yönəlir.

Bu proseslərin fonunda DGK tərəfindən verilən açıqlama diqqətdən kənarda qala bilməz. Əslində, DGK rəsmiləri aşıqlamalarında invoys məsələlərinə toxunmaqda tam haqlıdırlar. Çünki illərlə Azərbaycan ərazisinə xaricdən gətirilən məhsullar məhz yuxarıda adını sadaladığımız karqo şirkətləri vasitəsiylə həyata keçirilmiş, bu zaman gətirilmiş məhsulların sayı, çəkisi azaldılmış, bu səbəbdən də dövlət büdcəsinə real qiymətdən min dəfələrlə az məbləğ mədaxil edilmişdir. Belə olan təqdirdə, satılan mallara normal invoysların verilməsi mümkünsüz olmuş, nəticədə istənilən məhsulun satışı hesab-fakturasız həyata keçirilmişdir. Bu isə öz növbəsində həmin məhsulu alan fiziki və hüquqi şəxslərin məhsulu qanuni yolla satmaq imkanlarını məhdudlaşdırıb. Nəticədə, ölkədə real ticarət həcmi olduğundan dəfələrlə az göstərilib və vergi ödəmələri də bu səbəbdən dəfələrlə az yığılıb.

Məhz illərlə davam edən və dövlətə milyardlarla zərər vuran, ən əsası isə hər kəsin açıq-aşkar bildiyi və etiraf etdiyi həqiqətin DGK rəhbərliyi tərəfindən məhz indi “aşkarlanması” heç də təsadüf və ya keyfiyyətli xidmət deyil.

Əldə etdiyimiz məlumata görə, “DGK sədri növbədənkənar prezident seçkilərindən sonra Vergilər Nazirliyinə birləşdiriləcək” iddialarından sonra Aydın Əliyevin hərəkətə keçməsi onun xilasına deyil, əksinə əleyhinə işləyəcək faktor kimi səciyyəvi olacaq. (24saat.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.