Narkoloji Mərkəz yanğınında sensasion həbs: - bir alışqan 25 nəfəri necə məhv edib...

7-03-2018, 10:25           
Narkoloji Mərkəz yanğınında sensasion həbs: - bir alışqan 25 nəfəri necə məhv edib...
Martın 2-də Narkoloji Mərkəzdə baş vermiş yanğını törədən həbs edilib. Martın 6-da bununla bağlı yayılan rəsmi məlumatda deyilir ki, prezidentin tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin başvermə mexanizmi və mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

M.Məmmədov haqda əlavə məlumat verilməyib.

“Yeni Müsavat” bildirir ki, cinayət işi qaldırılan zaman üzərində 20-dən çox ekspertiza təyin edilir. Əvvəlcə məhkəmə psixiatrik ekspertizası təyin olunur. Yəni cinayət törətmiş şəxsin psixoloji durumu araşdırılır. Bu araşdırma həm cinayət törədilənədək, həm də cinayət törətdikdən sonrakı mərhələni əhatə edir. Bəzi hallarda insan cinayət törətdikdən sonra da həmin xəstəliyə yoluxa bilər. Təqsirləndirilən şəxs hər iki halda cinayət məsuliyyətindən azad olunur. Amma həmin şəxs ictimaiyyət üçün təhlükəli olduğu üçün məcburi surətdə müalicəyə qəbul edilir. Qanunda kimin cinayət məsuliyyətindən azad olunması qeyd olunur. Cinayət törədən zaman affek vəziyyətində olan və ya cinayət törətdikdən sonra psixologiyası pozulmuş şəxslər cinayət məsuliyyətindən azad olunurlar. Sübut olunsa ki, təqsirləndirilən şəxsin həqiqətən ruhi problemi var, o zaman həmin şəxs cinayət məsuliyyətindən azad olunur və müvafiq olaraq müalicə olunmaq üçün qapalı şəraitdə ruhi əsəb dispanserlərinə müalicəyə göndərilir. Ola bilər ki, həbs olunduqdan sonra şəxsdə ruhi-psixoloji problemlər yaransın. Bu halda da onlar müvafiq olaraq dispanserlərdə müalicəyə yerləşdirilir. Həmin şəxs sonradan həbsxanalara göndərilə bilməz.

Yada salaq ki, hadisədən sonra ilk versiya yanğının qısaqapanmadan baş verdiyi iddia olunurdu. Baş nazirin müavini, yanğınla bağlı yaradılmış dövlət komissiyasının rəhbəri Abid Şərifov da demişdi ki, aidiyyəti qurumlar - Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb. A.Şərifov əlavə etmişdi ki, yanğınla bağlı digər versiyalar da araşdırılır.

Martın 6-da həmçinin yanğın zamanı həlak olmuş 16 nəfərin meyit səhər saatlarında ailə üzvlərinə təhvil verilib.

Xatırladaq ki, ölənlərdən 9-nun meyitinin şəxsiyyəti müəyyənləşdirilərək martın 3-də ailə üzvlərinə təhvil verilib.

Bu arada məlum olub ki, Azərbaycanda yalnız 2017-ci il ərzində 2 min 115 narkoman qeydiyyata götürülüb.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər profilaktik qeydiyyatdadır.

Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.