Bayılı sürüşdürən villaları tikməyə Abutalıbov icazə veribmiş – Reportaj
8-03-2018, 00:54
Bayılda sürüşmənin hər an aktivləşməsi, çatların dərinliyinin artması gözləniləndir. Bunu AzEuroNews.com-a reportaj hazırlayarkən yerli sakinlər deyiblər.
► Villalar sökülməlidir…
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov da eyni fikirdədir. Onun sözlərinə görə, “Teleqüllə” ətrafında sürüşmə təhlükəsi qalır.
Doğrudur, son 10 gündə Bayılın sürüşmə zonasında dəyişiklik müşahidə olunmayıb. Amma ətrafda yaşayan sakinlər deyirlər ki, təhlükəli şərait sovuşmayıb.
Buna səbəb isə Teleqüllə ətrafında durmadan tikilən malikanələr, villalardır. Bu tikintilər həm sürüşməni aktivləşdirir, həm evlərdən axan sular çatları dərinləşdirir.
Artıq sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar – topoqrafik reperlər quraşdırmağa başlanacaq.
Sakinlər isə bildirirlər ki, ilk növbədə tikinti işlərini dayandırmaq lazımdır. Bundan əlavə, Teleqüllə ətrafındakı villaların kompensasiya ödənilərək sökülməsi vacibdir.
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi də bildirmişdi ki, tikinti normalarına əməl olunmur.
► Məmurlar FHN-i saymır
Əslində, prezidentin sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır.
Sakinlərin sözlərinə görə, ancaq buna məhəl qoyulmur. Heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz. Çünki orda villalar ucaldanlar vəzifəli şəxslərdir.
“Teleqüllə yaxınlığında icazəsiz daşı daş üstə qoya bilmərik. Kasıb-kusub camaatın orada nə işi var? Teleqüllənin yan-yörəsini ancaq pullular zəbt ediblər. Gözləyir doymur da…”,-deyə Bayıl sakini Sabir söyləyir.
Ola bilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin rəyi olmayıb.
Amma yerli İcra Hakimiyyəti orqanlarının, Bakı Şəhəri İcra Hakimiyyətinin xəbərinin olmaması mümkün deyil. Yəni, Bakı meri Hacıbala Abutalıbovun bu tikintilərə icazə sərəncamları olub.
“Bu da sürüşmə riskini artırır, köhnə daxmalarda məskunlaşan əhalinin həyatını təhlükə altına qoyur. YAP o vaxtı Bayıl yamacında yaşıllıq salmışdı. Sonra məhv elədilər.
Bir adam cəsarət edib söyləmir ki, yamacda yaşıllıqları məhv etmək, yamacı yükləmək, teleqüllənin yaxınlığında saray tikmək olmaz”,- Bayılda yaşayan Qorxmaz gileylənir.
O, təklif edir ki, yuxarı baxın: “Baxın, baxın, villalar göz deşir, bütün təpəni əhatə ediblər. Yaşıllıqları məhv edib yerində bahalı evlər tikir”.
Xatırladaq ki, bir neçə il qabaq sürüşmə zamanı əraziyə yapon mütəxəssislər gəlib. Onlar sürüşmənin dayandırılması haqda layihə hazırlayıblar.
Bunun reallaşması üçün Azərbaycan hökuməti büdcədən 3-4 milyon manat ayırmalı olub. Hökumət isə layihənin bahalığını dilə gətirərək yapon alimlərlə razılaşmayıb.