Şəmkir və Gədəbəydə bürokratiya təntənəsi... - FAKT

8-03-2018, 10:01           
Şəmkir və Gədəbəydə bürokratiya təntənəsi... - FAKT
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı, İctimai Nəzarət Koalisiyasının dəstəyi ilə Şəmkir və Gədəbəy rayonlarına səfər edən nümayəndə heyətində "Təzadlar" qəzetinin əməkdaşları da vardı.

Qeyd edək ki, Şəmkir və Gədəbəyə səfər Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin bölgələrimizə planlaşdırdığı növbəti tədbirlərdən biri idi. Xoşməramlı bu səfərdə nə gizli bir məqsəd, nə də bu səfərin nəyə və kiməsə xidmət etməsi vardı…

Dünən - 2018-ci il martın 6-da səhər saatlarında "Azərbaycan" nəşriyyatının qarşısından yola düşən maşın karvanımız təxminən bir saatlıq yol qət edib Hacıqabul rayonunun ən abad kəndlərindən olan Qarasuya çatdı.

İctimai Nəzarət Koalisiyasının (İNK) sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədovun təklifi ilə milli-mənəvi dəyərlərin qorunduğu Qarasu kəndində ziyarətgaha çevrilən "Seyid Ağahəsən" ocağını ziyarət etdik. Aranda kifayət qədər nüfuza malik olan 96 yaşlı Seyid Ağahəsən kişinin və həyat yoldaşının xeyir-duasından sonra bu müqəddəs ocağa və onun ağsaqqalına minnətdarlıq edib, ziyarətgahdan ayrıldıq.

Sonra Bakı-Qazax avtomobil yolunun üstündə yerləşən Qarasu restoranında səhər yeməyini yeyib, yola düşdük.

Şəmkirə çatanda öyrəndik ki, rayon rəhbərliyi Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin nümayəndə heyətinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməsinə icazə vermir. Doğrusu, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu gözlənilməz və absurd hərəkəti hamını şoka saldı. Nümayəndə heyətinin təəccüb içində olduğu bir vaxtda polisin də işə qarışması hansısa xoşagəlməz vəziyyətin yarana biləcəyindən xəbər verirdi. Odur ki, nahar etmək üçün birbaşa yaxınlıqdakı "Qala" restoranına getməli olduq.

Nahar zamanı İNK sədri R.Məmmədov bildirdi ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonu tərk etməyimizi tələb edir. Bu azmış kimi, icra başçısı hətta nahar etdiyimiz restoranın rəhbərliyinə də polis vasitəsilə hədə mesajı göndərib.

Bu səbəbdən nahardan sonra maşınlara əyləşib Gədəbəyə yollanmaq qərarına gəldik. Lakin edilən təzyiq və təqibə baxmayaraq, Şəmkirin mərkəzindən çıxarkən nümayəndə heyəti rayon Polis Şöbəsinin qarşısındakı Heydər Əliyev parkında ucalan ümummilli liderin abidəsini ziyarət etdi. Abidə önünə tər güllər düzərək, ümummilli liderin xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.

Gecənin qaranlığında Gədəbəyin qatı dumana-çənə bürünmüş dağ yollarını çətinliklə də olsa, irəliləyib rayon mərkəzinə çatanda gördük ki, yolu kəsən 50-yə yaxın polis əməkdaşı bizdən qabaqdakı maşınlarımızın irəli getməsinə qətiyyən icazə vermir. Bunun səbəbini polislərdən soruşduqda onlar Gədəbəy RİH başçısı Ramiz Yediyarovdan bizi rayona buraxmamaq barədə qəti göstəriş aldıqlarını dedilər. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin nümayəndə heyətinə rayonun mərkəzindəki ümummilli liderin abidəsini ziyarət etməyə icazə verməyən polis əməkdaşları təcili olaraq rayonu tərk etməyimizi tələb etdilər. Belə olan halda, İNK sədri R.Məmmədov polisə itaətsizlik göstərmədən maşınlarımıza minib geri qayıtmatımızı istədi. Polis məmuruna KİV haqqında qanuna riayət edərək, jurnalistin peşə fəaliyyətinə mane olmağın yolverilməzliyini xatırlatsaq da, heç bir faydası olmadı…

Gədəbəyi tərk edərkən Maarif kəndinin yolu üstündə kimsəsiz Od çərşənbəsinin alovlanan tonqalını gördük. Dərhal maşınları yol kənarında saxlayıb, yerə düşdük. Çərşənbə tonqalının ətrafına toplaşaraq bir-birimizin bayramını təbrik etdik. Sonra da tonqalın üstündən tullanaraq azar-bezarımızı və gərilən əsəblərimizi odun üstünə tökdük.

Fürsətdən istifadə edərək, elə çərşənbə tonqalının başında İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədovun səfərlə bağlı təəssüratını bilmək istədik.

- Rasim müəllim, xahiş edirik, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin nümayəndə heyətinin Şəmkir və Gədəbəyə səfərinin məqsədi və bu səfərdən aldığınız təəssürat barədə məlumat verəsiniz.

- Layihəmizin bir hissəsi təşkilat üzvümüzün Şəmkir şəhərində şəxsi əmlakı olan "Qala" restoranında bayram tədbiri keçirmək idi. Belə ki, bax, bu Od çərşənbəsinin tonqalını orada qalayıb, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin musiqiçilərinin və incəsənət xadimlərinin iştirakı ilə gözəl bir baypam ab-havası yaşayacaqdıq. Sonra isə Gədəbəyə səfər edərək, Ulu Öndərin abidəsini ziyarət edib, gecəni orada qalacaqdıq. Səhəri isə Narzanda xanımlarımızın 8 Mart Beynəlxalq Qadınlar gününü qeyd edəcəkdik. Belə bir xoşməramlı səfər barədə, əslində, kiməsə məlumat verməli və yaxud kimdənsə icazə almalı deyildik. Lakin biz paytaxdan kənara çıxdığımızı və ucqar bölgələrimizə səfər edəcəyimizi nəzərə alıb, Prezident Administrasiyasının, Şəmkir və Gədəbəy rayon icra hakimiyyətlərinin elektron ünvanına səfərin məqsədi, iştirakçıların sayı və kimliyi barədə ətraflı məlumat göndərdik. Sonra biz Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin diaspor sektorunun müdiri Qafar Əliyevlə telefon əlaqəsi çaxladıq. Qafar Əliyev səfərlə bağlı heç bir problem olmayacağını və bu barədə aidiyyəti qurumlara məlumat veriləcəyini söylədi.

Lakin biz Şəmkir rayonunun ərazisinə daxil olanda yolumuzu gözləyən polislərlə rastlaşdıq. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun göstərişini icra edən polis əməkdaşları bizim şəhərə daxil olmağımıza icazə vermədilər. Mən sektor müdiri Qafar müəllimlə yenidən əlaqə saxlayanda, o, məktubumuzun Prezident Administrasiyasına çatmadığını bildirdi. Halbuki biz həmin məktubun birini də Prezident Administrasiyasına əlbəəl təqdim etmişdik.

Rayonun ərazisindən çıxarmağımızı tələb edən Şəmkir Rayon Polis Şöbəsinin rəis müavini və Cinayət axtarış bölməsi əməkdaşları hətta "Qala" restoranında nahar etməyimizə belə icazə vermirdilər. Ancaq buna baxmayaraq, biz sivill şəkildə restorana daxil olaraq nahar etdik. Gördüyünüz kimi, Şəmkir polisi bizə nahar etməyə belə imkan vermirdi. Belə ki, polis əməkdaşlarından biri rayon rəhbərliyinin hədə dolu ismarıclarını restoran sahibinə çatdıraraq, dərhal bizim oradan çıxmağımıza təsir etmək istəyirdi. Restoran rəhbərliyini zərbə altında qoymamaq üçün tez-tələsik naharımızı edib Gədəbəyə yollandıq. Orada da 50-yə yaxın polisin yolumuzu kəsdiyinin özünüz şahidi oldunuz.

Maşından düşüb Ulu Öndərin abidəsini ziyarət etməyə belə qoymadılar. Biz Gədəbəyin mərkəzinə çatanda axşam saat 18:00 radələri idi. Qışın bu soyuğunda, yolların qatı duman-çən, çiskinli olmasına baxmayaraq, rayonu tərk etməyimizi əmr etdilər. Mən Gədəbəy polisinin bu hərəkətini görüb, nümayəndə heyətinə polisin qanunsuz tələbinə əməl etmələrini xahiş edərək, maşınlara minib geri dönməyə qərar verdik.

Biz Gədəbəyin mərkəzini tərk edib geri qayıdarkən Maarif kəndinin kənarındakı Od çərşənbəsinin tonqalını görüb maşınlarımızı saxlayaraq onun ətrafına toplaşdıq. Sonra da tonqalın üstündən tullanaraq azar-bezarımızın, Şəmkir və Gədəbəydə üzləşdiyimiz bürokratiyanın odun üstünə tökülməsini dilədik.

- Prezident dəfələrlə deyib ki, dövlət məmurları öz şəxsi maraqlarına deyil, xalqa xidmət etməlidir. Bu baxımdan, Şəmkir və Gədəbəy rayonlarının icra başçılarının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Özünün iş fəaliyyətində heç bir qüsur, nöqsan görməyən icra başçısı şəhərin qapılarını bütün qonaqlara, ictimaiyyət nümayəndələrinin üzünə açır. Bu gün bir daha sübut olundu ki, Şəmkir və Gədəbəy rayonlarının rəhbərləri sadə insanlara, yerli əhaliyə qarşı o qədər qəddarcasına rəftar ediblər ki, bizim buraya xoşməramlı gəlişimizdən belə xoflanıblar. Qorxuya düşüblər ki, onların əlindən dad deyən əhali birdən bizimlə təmasda olar, problemlərini bölüşər. Əslində bizim məqsədimiz cənab prezident İlham Əliyevin çağırışı ilə ictimai qınaq, ictimai nəzarət, sosial tərəfdaşlıq, əməkdaşlıq və məmurla vətəndaş arasında sosial münasibətlərin yaxşılaşdırılmasına doğru atılan bir addımdır. Ancaq bu məmurlar ictimaiyyətlə heç bir ünsiyyət qurmaq istəmir. Çünki qorxurlar. Bu gün biz burada ictimai fəallarıq. Bizim sıramızda polkovniklər, əməkdar müəllimlər, şəhid Milli Qəhrəman anası və s. fəal insanlar cəmlənib. Əgər bu məmurlar bizdən qorxurlarsa, nə edə bilərik?! Biz də bax bu cərşənbə tonqalının üstündən tullanaraq, Bakıya doğru yolumuza davam edəcəyik.

- Bəs səfərinizə yönələn bu maneənin səbəbini polislər necə izah edirlər?

- Heç bir səsəb göstərmirlər. Mən sizə deyim. Gədəbəy rayonunda bir sahibkarın ərazisini hasara alıb, qapısını qıfıllayıblar. Bilirsiniz ki, sahibkarın fəaliyyətinə mane olmaq cənab Prezidentə, dövlətə xəyanət etmək deməkdir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov da qoxur ki, biz həmin məsələni ictimailəşdirərik. Ona görə də polisin vasitəsilə bizim Gədəbəyə girişimizə qadağa qoydu.

Mən dünyanın bir çox ölkələrini gəzmişəm və gəzirəm, lakin bu gün ilk dəfə olaraq öz ölkəmdə, öz vətənimdə Gədəbəyə daxil olmağa icazə vermədilər. Deməli, Gədəbəy Qarabağ kimi müşkül məsələyə çevrilib.

İcra başçısı Ramiz Yediyarovun birinci müavini mənimlə telefon əlaqəsi saxlayaraq dedi ki, rayon rəhbərliyi bizim Gədəbəyin hansısa istirahət mərkəzində bayramlarımızı qeyd etməyə etiraz etmir, sadəcə, qadağa Prezident Administrasiyasından gəldiyi üçün çarəsiz qalaraq əmrə tabedirlər. Halbuki biz Prezident Administrasiyası İşlər İdarəsinin binası olan «Azərbaycan» nəşriyyatında yerləşirik, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin qalibiyik. Eyni zamanda, dünyanın hər bir yerində Ulu Öndərin yubileylərinin keçirilməsini təşkid edən bir qurumuq. Biz 2003-cü ildən bu günə kimi Ulu Öndərin anım və doğum günlərini qeyd edirik. Biz cənab Prezidentin dediyi kimi, korrupsioner məmurlara, bu gün sahibkarların fəaliyyətinə mane olan, qapısına qıfıl vuran, giriş-çıxışını hasarlayan bürokratlara qarşı mübarizə aparırıq. Bu səbəbdən də qeyd etdiyim kimi, qorxdular ki, bu məsələni ictimailəşdirərik. Lakin onlar bizə nə qədər mane olsalar da, əlimizdə kifayət qədər fakt, material və video çəkilişlərimiz var. Əminəm ki, Şəmkir və Gədəbəydə üzləşdiyimiz bürokratiya barədə cənab Prezidenti məlumatlandıra biləcəyik.

- Rasim müəllim, Prezident seçkiləri öncəsi üzləşdiyimiz bu durumla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bilirsiniz, istər Prezident seçkiləri ərəfəsində olsun, istərsə də başqa vaxt, fərqi yoxdur. Məmurlar prezidentin tələbinə uyğun olaraq həmişə xalqa xidmət etməlidirlər. Bu məmurların niyyəti, xarakteri isə hər zaman dövlətə, dövlətçiliyə sədaqətli insanları dövlətə qarşı yönəltmək, onları yumruq altında saxlayaraq prezidentin əleyhinə çevirməkdir. Bu, qəbuledilən hal deyil. Belə hallara qarşı həmişə mübarizə aparacağıq. \\tezadlar.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.